CƏMİYYƏT
FHN mülki müdafiə sistemini müasir tələblər səviyyəsində formalaşdırır VİDEO
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə fevralın 28-də “Fəlakətlərə qarşı mübarizədə mülki müdafiə sahəsində qarşılıqlı fəaliyyət” mövzusunda elmi-praktik konfrans keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar təşkil edilmiş tədbirin məqsədi mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub.
Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə respublikamızda Mülki Müdafiə Qoşunlarının keçdiyi şərəfli yoldan danışaraq, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların qazanıldığını bildirib. Ümumdünya Mülki Müdafiə Günü münasibətilə təbriklərini çatdıran nazir müavini FHN tərəfindən təşkil olunmuş elmi-praktik konfransın bu sahənin inkişafına əhəmiyyətli töhfələr verəcəyinə əminliyini vurğulayıb.
Sonra FHN-in mülki müdafiə sahəsindəki fəaliyyəti barədə videoçarx nümayiş olunub.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü İslam Musabəyov, FHN Mülki Müdafiə Qoşunları komandanının müavini, qərargah rəisi polkovnik Aslan Hüseynov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibinin müavini Səbinə Məhbubi İran, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov, Səhiyyə Nazirliyinin şöbə müdiri İsrail Verdiyev mülki müdafiə işinin təşkili istiqamətində təmsil etdikləri qurumların gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışıb, FHN-in fəaliyyətini yüksək qiymətləndiriblər.
FHN-in Mülki müdafiə işinin təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov nazirliyin əhalinin təhlükəsiz şəraitdə yaşaması və mülki müdafiə işinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Faiq Tağızadə konfransa yekun vuraraq bildirib ki, FHN ölkəmizin coğrafi xüsusiyyətlərini, müharibə şəraitində olduğumuzu nəzərə alaraq, mülki müdafiə sisteminin müasir tələblər səviyyəsində formalaşdırılması, maddi-texniki bazanın daim yenilənməsi və əhalinin maarifləndirilməsi sahəsində gördüyü işləri bundan sonra da əzmlə davam etdirəcək.
Konfransın sonunda FHN Mülki Müdafiə Qoşunlarının mülki müdafiə vasitələri nümayiş etdirilib.