İDMAN
FIDE Qran-Prisinin üçüncü mərhələsinin altıncı turu oynanılacaq
Bakı, 12 iyul, AZƏRTAC
Bu gün Cenevrə şəhərində Beynəlxalq Şahmat Federasiyası (FIDE) Qran-Prisinin üçüncü mərhələsinin altıncı turu oynanılacaq.
AZƏRTAC-ın xəbər verdiyi kimi, turnirdə Azərbaycanı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Onların rəqibləri Aleksandr Qrişşuk, Pyotr Svidler, Yan Nepomnyaşşiy, Dmitri Yakovenko, Ernesto İnarkiyev, Aleksandr Ryazantsev (Rusiya), Aniş Giri (Hollandiya), Pavel Elyanov (Ukrayna), Pentala Harikrişna (Hindistan), Maykl Adams (İngiltərə), Li Çao, Hou İfan (Çin), Rixard Rapport (Macarıstan), Levon Aronyan (Ermənistan), Boris Gelfand (İsrail) və Salem Salehdir (BƏƏ).
Turnirin beşinci turundan sonra hər biri 3,5 xal toplamış Teymur Rəcəbov və Aleksandr Qrişşuk liderlik edirlər. Onların ardınca hər biri 3 xal toplayan Şəhriyar Məmmədyarov, Pyotr Svidler, Levon Aronyan, Pavel Elyanov gəlirlər. Aniş Giri, Yan Nepomnyaşşiy, Maykl Adams, Li Çao, Boris Gelfand, Ernesto İnarkiyev, Dmitri Yakovenko hərəyə 2,5 xal, Aleksandr Ryazantsev 2 xal, Rixard Rapport, Salem Saleh hərəyə 1,5 xal və Hou İfan 1 xal toplayıblar.
Dünən turnir iştirakçıları istirahət ediblər. Bu gün Teymur Rəcəbov-Aleksandr Qrişşuk, Şəhriyar Məmmədyarov-Pyotr Svidler, Levon Aronyan-Pentala Harikrişna, Dmitri Yakovenko-Aniş Giri, Yan Nepomnyaşşiy-Ernesto İnarkiyev, Li Çao-Pavel Elyanov, Boris Gelfand-Maykl Adams, Rixard Rapport-Aleksandr Ryazantsev, Hou İfan-Salem Saleh görüşləri keçiriləcək.
Qran-Pri turniri dörd mərhələdə keçilir. Mərhələ turnirləri üçün BƏƏ-nin Şarcə, Rusiyanın Moskva, İsveçrənin Cenevrə, İspaniyanın Palma-de-Malyorka şəhərləri seçilib. Birinci və ikinci yeri tutan qrossmeysterlər gələn il iddiaçıların turnirində oynayacaqlar.
Cenevrə mərhələsi iyulun 15-də başa çatacaq.