İDMAN
FİFA Canni İnfantino ilə bağlı təhqiqata başlayıb
Bakı, 14 iyul, AZƏRTAC
Beynəlxalq Futbol Federasiyasının (FİFA) Etika Komitəsi qurumun prezidenti Canni İnfantino ilə bağlı ilkin təhqiqata başlayıb. AZƏRTAC Almaniyanın “Bild” nəşrinə istinadla xəbər verir ki, bu addım C.İnfantinonun FİFA vəsaitlərini şəxsi məqsədləri üçün istifadə etməsi iddiaları ilə əlaqədar atılıb.
“Bild”in məlumatına görə, təhqiqatın predmeti FİFA prezidentinin şəxsi uçuşları olub.
Bildirilir ki, mayın 29-da Milan şəhərində keçirilən Çempionlar liqası finalından sonra FİFA-nın rəhbəri ailəsi ilə Milandan Romaya, oradan da Cenevrəyə uçub. Səfər şəxsi xarakter daşıyıb, lakin qurumda İnfantinonun uçuş haqlarını ödəmək üçün hansı vəsaitdən istifadə etdiyini bilən yoxdur. FİFA-nın rəsmi nümayəndələri “Bild”ə bu məlumatı şərh etməkdən imtina ediblər.
Alman nəşrinin yazdığına görə, C.İnfantino uçuşları qurumun reklam büdcəsi hesabına həyata keçirib. KİV-lərdə şəxsi uçuş haqqında məlumatın yayılmasından sonra FİFA-nın logistika şöbəsinin rəhbərinin işdən çıxarıldığı qeyd olunur.
Bir müddət əvvəl Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti məlumat verib ki, C.İnfantino FIFA kassasından ən azı 14 milyon avro vəsaiti qeyri-məqsədli sərf edib. O cümlədən FIFA vəsaitlərindən trenajor, döşəklər, smokinq, gül və futbol butsları almaq üçün istifadə edib. Həmçinin bildirilir ki, İnfantino FİFA-dakı şəxsi avtomobil və sürücüsü ilə yanaşı üçüncü avtomobildən istifadə edib. “Frankfurter Allgemeine Zeitung” qəzetinin məlumatına görə, prezident İsveçrədə nadir hallarda olduğundan üçüncü maşın əsasən ona yaxın şəxslər tərəfindən istifadə olunub.
İlk dəfə deyil ki, C.İnfantinonun adı qanunun pozuntuları ilə əlaqədar hallandırılır. Əvvəllər başqa bir Almaniya qəzeti, “Die Welt” məlumat vermişdi ki, İnfantinonun göstərişi ilə FİFA Şurasının mayın 9-10-da keçirilən iclasının protokolu məhv edilib. Mənbə iddia edirdi ki, sənədin məhv edilməsi göstərişinə görə FİFA-nın rəhbəri vəzifəsindən 90 günlüyə kənarlaşdırıla bilərdi. Sonradan FİFA-nın kommunikasiya departamentinin direktoru Deliya Fişer bildirdi ki, söhbət surətin məhv edilməsindən gedir, orijinal audiofayl mövcuddur və FİFA-da lazımi qaydada saxlanılır.
Xatırladaq ki, C.İnfantino 2016-cı ilin fevralında növbədənkənar konqresdə FİFA-nın prezidenti seçilib. Bu vəzifədə o, qurumun çoxsaylı korrupsiya qalmaqallarından sonra istefa verən Yozef Blatteri əvəz edib. Təhqiqatla bağlı C.İnfantino 90 günlüyə futbol fəaliyyətindən kənarlaşdırıla bilər.