DÜNYA
FİFA-da korrupsiya qalmaqalı: 14 keçmiş və hazırkı məmura 47 bənd üzrə ittiham irəli sürülüb
Bakı, 27 may, AZƏRTAC
Nyu-Yorkun Bruklin federal məhkəməsi mayın 27-də FİFA-nın 14 məmuru barədə cinayət işi açıb. Onlar korrupsiyada, çirkli pulların yuyulmasında, həmçinin marketinq və yayımla bağlı cinayətkar sövdələşmələrdə ittiham olunurlar.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin saytında onların təşkil etdiyi korrupsiya sisteminin artıq 24 ildir fəaliyyət göstərdiyi qeyd olunur. İttihamlar FİFA-nın keçmiş və hazırkı 14 məmuruna qarşı irəli sürülüb. Onlardan 7-si bir qədər əvvəl İsveçrədə həbs olunub. Həbs edilənlər arasında FİFA-nın vitse-prezidentləri Cefferi Uebb və Euxenio Fiqeredo, icraiyyə komitəsinin üzvü Eduardo li, FİFA-nın inkişaf üzrə direktoru Xulio Roça, Venesuela Futbol Federasiyasının prezidenti Rafael Eskevel və başqaları var.
Bundan başqa, ABŞ-ın Mayami şəhərində yerləşən Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyası – CONCACAF-ın ofisində də axtarışlar aparılıb. Eyni zamanda, İsveçrə polisi və ədliyyəsinin federal departamenti FİFA-nın mənzil-qərargahından 2018-ci və 2022-ci illərdə keçiriləcək futbol üzrə dünya çempionatında ev sahibi ölkələrin seçimində korrupsiya hallarını və pulların yuyulmasını araşdırmaq üçün lazımi sənədləri götürüb.
ABŞ Ədliyyə Nazirliyinin yaydığı son məlumata görə, ittiham olunanlardan dördü artıq öz günahını boynuna alıb.
FİFA-nın hesabatlarına əsasən, qurum 2011-2014-cü illərdə translyasiya hüququnun satılmasından və sponsor müqavilələrindən 5,7 milyard dolardan çox pul əldə edib.