DÜNYA
FİFA-da korrupsiya qalmaqalı fonunda prezident seçkiləri
Bakı, 29 may, AZƏRTAC
İri korrupsiya qalmaqalı və Sürixdə həbslər fonunda bu gün Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasında (FİFA) prezident seçkiləri keçiriləcək.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, FİFA-nın başçısı postuna hazırkı prezident Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn (FİFA-nın vitse-prezidenti, İordaniya futbol assosiasiyasının rəhbəri) iddia edirlər.
Bir qədər əvvəl Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FİFA-da keçiriləcək prezident seçkilərini yarım il təxirə salmağa çağırmışdı. Bunun ardınca isə UEFA prezidenti Mişel Platini Yozef Blatteri istefa verməyə səsləyib. Platininin sözlərinə görə, UEFA üzvlərinin böyük əksəriyyəti İordaniya şahzadəsinə səs verəcək.
Lakin Yozef Blatter Afrika və Asiyada əsas favorit olaraq qalır.
“Qarşıdakı aylar FİFA üçün asan keçməyəcək. Mən yenə də pis xəbərlər eşidəcəyimə əminəm. Lakin təşkilatımıza etibarın qaytarılması üçün fəaliyyətə başlamaq lazımdır. Qoy bu hadisələr dönüş anı olsun”, - deyə Y.Blatter hadisələrə münasibət bildirərkən deyib.
Xatırladaq ki, mayın 27-də ABŞ məhkəməsi FİFA-nın 9 məmuruna və təşkilatın fəaliyyəti ilə bağlı 5 kompaniya rəhbərinə qarşı korrupsiya və pulların yuyulması maddələri üzrə ittiham irəli sürüb. Bu məsələ ilə əlaqədar Sürix şəhərində FİFA-nın 7 məmuru həbs edilib və onların Birləşmiş Ştatlara ekstradisiyası gözlənilir.