İDMAN


FIFA-nın sabiq prezidentinin xatirəsinə Olimpiya Oyunları obyektlərində Braziliyanın dövlət bayraqları endirilib

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

AZƏRTAC “TASS” agentliyinə istinadla xəbər verir ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) sabiq prezidenti və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Joao Avelanjın vəfatı ilə əlaqədar avqustun 16-da Olimpiya Oyunlarının obyektlərində Braziliyanın dövlət bayraqları endirilib.

Daha əvvəl “France-Presse” agentliyi Rio-de-Janeyronun “Samaritano” xəstəxanasının mətbuat katibinə istinadla xəbər verib ki, 100 yaşlı Avelanj avqustun 16-da vəfat edib. J.Avelanjın ölümünün dəqiq səbəbi göstərilmir.

Agentliyin məlumatında deyilir: “BOK Oyunların təşkilatçılarının Avelanjın ölümü ilə bağlı çərşənbə axşamı Olimpiya obyektlərində Braziliya bayraqlarının endirilməsi barədə müraciətinə razılıq verib”.

J.Avelanj 1974-cü ildə FIFA-nın yeddinci prezidenti və qurumun Avropanı təmsil etməyən ilk başçısı seçilib. O, bu vəzifədə 1998-ci ilə qədər çalışaraq, fəaliyyət müddətinə görə fransız Jül Rimedən (33 il) sonra ikinci şəxs olub. Həmin müddətdə FIFA-ya iri sərmayədarları cəlb edib. Onlar FIFA-nın himayəsi ilə keçirilən turnirləri maliyyələşdirməyə başlayıblar, nəticədə qurum inkişaf yoluna qədəm qoyub. Futbol matçlarının yayım hüququ da sabiq prezidentin dövründə satılmağa başlayıb. Bundan əlavə, Konfederasiyalar Kuboku, yeniyetmələr, gənclər, habelə qadınlar arasında dünya çempionatları təsis edilib.

J.Avelanj Braziliya Olimpiya yığmasının üzvü kimi iki Olimpiadada iştirak edib. 1936-cı ildə o, Berlində 400 metr məsafəyə üzmə və 1500 metr məsafəyə sərbəst üzmə yarışlarında iştirak edib, lakin yarımfinala vəsiqə qazana bilməyib. 1952-ci ilin Helsinki Olimpiadasında isə su polosu üzrə milli komandanın üzvü olub və yığma ilə birgə 13-cü yeri tutub. J.Avelanj 1963-2011-ci illərdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü olub. 2013-cü ildə böyük məbləğdə rüşvət almaqda ittiham edildikdən sonra FIFA-nın fəxri prezidenti vəzifəsindən istefa verib.

J.Avelanj Fransanın Fəxri Legionu ordeninə layiq görülüb, habelə bir sıra ölkələrin, o cümlədən Braziliya, Portuqaliya, İsveç və İspaniyanın hökumət mükafatları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.