İQTİSADİYYAT
“FINCA Azerbaijan” Smart kompaniyasının Müştəri Mühafizəsi Sertifikatını alıb
Bakı, 28 avqust, AZƏRTAC
Mikromaliyyə sahəsində lider olan “FINCA Azerbaijan” Smart kompaniyasının Müştəri Mühafizəsi Sertifikatını alıb.
Təşkilatdan AZƏRTAC-a verilən məlumata görə, bu qlobal təşəbbüs mikromaliyyə sahəsində müştərilərlə münasibətdə yüksək etik standartların tətbiqinin qəbul edilməsini təsdiqləyir. “FINCA Azerbaijan” bu sertifikatı alaraq “FINCA Kyrgyzstan” və dünya üzrə digər 41 maliyyə institutunun cərgəsinə qoşulub.
“Məsuliyyətli bankçılıq və müştərilərimizin uzunmüddətli rifahına güclü diqqətimizin olması həm FINCA təşkilatının missiyasında, həm də bizim əməliyyatlarımızda öz əksini tapıb. Biz daxili standartlarımızı və siyasətimizi artıq borclanmanın qarşısını almaq və müştərilərimizlə daim ədalətli və etik davranışı tətbiq etmək üçün uyğunlaşdırmışıq”, - deyə “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant söyləyib.
Bildirilib ki, “FINCA Azerbaijan” bu sertifikatı müştərilərin maraqlarının qorunması prinsipləri üzrə öhdəliyinə sadiq qalmasının nişanəsi olaraq alıb. Bu prinsiplərə uyğun məhsulun hazırlanması və çatdırılması, artıq borclanmanın qarşısının alınması, şəffaflıq, məsuliyyətli qiymətqoyma, müştərilərlə ədalətli və hörmətlə davranış, müştəri məlumatlarının məxfi saxlanılması və şikayətlərin həll edilməsi üçün mexanizm daxildir.
Sertifikatlaşdırmanı Smart kompaniyasının müstəqil və lisenziyalı qiymətləndirmə şirkəti olan MicroFinanza Rating aparıb. “FINCA Azerbaijan”ın sertifikatlaşdırma statusu təşkilatın işçi heyətinin gördüyü hərtərəfli işin və onların müştərilərə yönəlmiş diqqətinin göstəricisidir”, – deyə kompaniyanın direktoru İzabel Barres bildirib.