SİYASƏT
FRANSANIN NÜFUZLU “MOND” QƏZETİNİN ƏLAVƏSİ QAFQAZDA YALNIZ AZƏRBAYCANIN YÜKSƏK SÜRƏTLƏ İNKİŞAF ETDİYİNİ YAZMIŞDIR
Hər ilin sonunda Fransanın nüfuzlu “Mond” qəzetinə əlavə kimi buraxılan nəşrdə dünyanın 173 ölkəsinin siyasi və iqtisadi vəziyyətinin təhlili, Fransa hökumətinin yeni iş layihələri və ən qabaqcıl müəssisələr barədə yazılar dərc olunur.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, nəşrin 2002-ci ilin yekunlarına həsr edilmiş nömrəsində Cənubi Qafqaz bölgəsi ölkələrinin siyasi və iqtisadi vəziyyəti ilə bağlı yarımbaşlıqlar altında yazılar verilmişdir.
Ölkəmizə dair yazının əvvəlində qeyd olunur ki, Azərbaycanda zəngin dövlətçilik təcrübəsi olan Prezident Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar iqtisadiyyatın və sosial sahənin inkişafı üçün geniş imkanlar açmışdır.
Yazıda ölkəmizin ərazisi, əhalisi, pul vahidi, sənaye şəhərləri barədə fransız oxuculara ətraflı məlumat verilmişdir. Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olduğu, xarici şirkətlərin məhz iqtisadiyyatın bu və digər sahələrinə 1995-2001-ci illərdə 6,8 milyard avro sərmayə qoymaları, Bakı–Tbilisi–Ceyhan marşrutu ilə hər gün bir milyon barrel neftin xarici bazarlara çıxarılacağı, onun inşasına ARDNŞ-in bp, Statoyl, Yunokal, Eni-Ajip, TotalFinaEif və digər şirkətlərlə birlikdə 2,95 milyard avro xərc çəkəcəyi diqqətə çatdırılır.
“Qeyri şəffaflıq” yarımsərlövhəli yazıda Ermənistanda vergidən yayınma hallarının, korrupsiyanın baş alıb getdiyi göstərilmiş, 93,76 milyon avro borc əvəzində ölkənin strateji əhəmiyyətli beş müəssisəsinin Rusiyaya verildiyi açıqlanmışdır. Yazıda deyilir: “Yazda Yerevanın küçələrində prezident Robert Koçaryanın istefasını tələb edən cəmiyyətin ən pis vəziyyətə salınmış təbəqəsinin narazılığı yoxsulluğun qarşısının alınması üçün hökuməti öz proqramını daha dərindən təhlil etmək məcburiyyətində qoydu. Cənubi Qafqazın bu kiçik dağlıq ölkəsində əhalinin 80 faizi həqiqətən yoxsulluğun son həddindədir. Minimum əmək haqqı 23,8 avrodur”.
Yazıda deyilir ki, iqtisadi böhranın getdikcə dərinləşdiyi Ermənistandan 1 milyondan artıq erməni Rusiyaya və digər xarici ölkələrə mühacirət etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris