İDMAN
FRANSANIN YIĞMA HƏNDBOL KOMANDASI MƏĞLUB OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransanın kişilərdən ibarət yığma həndbol komandası Tunisin Rades şəhərində həndbol üzrə keçirilən dünya çempionatının yarımfinalında Xorvatiya komandası ilə qarşılaşmışdır. Çox gərgin idman mübarizəsi şəraitində keçən oyunun ilk dəqiqələrində üstünlüyü ələ alan xorvatlar birinci hissəni 15:12 hesabı ilə başa vurmuşlar. Oyunun ikinci hissəsində də üstünlüyü əldən verməyən Xorvatiya yığma komandası fransızları 35:32 hesabı ilə məğlubiyyətə uğratmış və meydançanı qələbə ilə tərk etmişdir.
Avropa qitəsinin ən güclü komandası hesab edilən olimpiya çempionu Fransanın yığma həndbol komandasının məğlubiyyəti mütəxəssislər üçün bir qədər gözlənilməz olmuşdur.
Qızıl medallara sahib olmaq şansını itirmiş Fransa komandası hazırda yarışlarda üçüncü yer və bürünc medallara sahib olmaq uğrunda mübarizəni davam etdirir.