DÜNYA


FTB-nin sabiq direktoru Müller Prezident Trampın seçkiqabağı kampaniyasının Rusiya ilə əlaqələrinin təhqiqatı üzrə xüsusi prokuror vəzifəsinə təyin olunub

Vaşinqton, 18 may, AZƏRTAC

ABŞ Ədliyyə Nazirliyi FTB-nin sabiq direktoru Robert Müllerin 2016-cı ildə Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxilə etməsi ehtimalı, o cümlədən Prezident Donald Trampın seçkiqabağı kampaniyasının nümayəndələri ilə Rusiyanın vəzifəli şəxsləri arasında potensial sövdələşmə üzrə federal təhqiqat aparacaq xüsusi prokuror vəzifəsinə təyin olunmasını çərşənbə günü təsdiq edib.

ABŞ baş prokurorunun müavini Rod Rozenstayl Müllerin xüsusi prokuror təyin edilməsi barədə bəyanat verib. Bəyanatda bildirilir ki, Müller xüsusi müşavir kimi bu işlərin təhqiqatı nəticəsində aşkar edilmiş federal cinayətlər üzrə cinayət işləri qaldırmağa müvəkkil ediləcək.

Robert Müller 2001-ci ildən 2013-cü ilə qədər FTB-də ən yüksək vəzifə tuturdu. 2013-cü ildə FTB-nin direktoru vəzifəsinə təyin olunmuş Ceyms Komi keçən həftə Prezident Trampın göstərişi ilə gözlənilmədən bu vəzifədən çıxarılıb. Respublikaçı qanunvericilər Kapitoliyadakı demokratlarla birlikdə Prezident Trampın və onun köməkçilərinin Rusiya ilə əlaqələrini araşdırmaq üçün Komissiya təyin olunmasını tələb edirlər.

Prezident Tramp xüsusi prokuror təyin edilməsi ilə əlaqədar bəyanatla çıxış edib. O, həmin bəyanatda özünün seçkiqabağı kampaniyası ilə 2016-cı il seçkilərinə üçüncü tərəflərin müdaxiləsi arasında əlaqə olmasını bir daha təkzib edərək deyib ki, bu məsələ üzrə təhqiqatın başa çatmasını səbirsizliklə gözləyir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.