ELM VƏ TƏHSİL


Fabrizio Di Amato: BANM-in tələbələri şirkətimizdə təcrübə keçərək beynəlxalq komandamıza inteqrasiya ola bildilər

Bakı, 2 iyun, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 5-ci kurs tələbələri Amail Məmmədova, Riyad Baxşiyev və Sənan İbrahimov İtaliyanın “Maire Tecnimont Group” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi olan “KT-Kinetics Technology” şirkətinin müəssisələrində təşkil edilən istehsalat təcrübəsi proqramını uğurla başa vurublar.

BANM-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar tələbələrin sertifikatlarla təltif edilməsi mərasimi keçirilib.

Tədbirdə BANM-in rektoru Elmar Qasımov, “Maire Tecnimont Group”un sədri Fabrizio Di Amato, şirkətin icraçı direktoru Perroberto Folgiero, xüsusi təşəbbüslər və regionda koordinasiya üzrə birinci vitse-prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Canni Bardazzi, ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Karlo Nicolais, o cümlədən “KT-Kinetics Technology” şirkətinin kommersiya məsələləri üzrə vitse-prezidenti Andrea Vena, Bakıdakı nümayəndəliyin rəhbəri Nikolo Heilpern, insan resursları üzrə meneceri Aida Bəşirova və ali məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Rektor Elmar Qasımov BANM ilə təşəbbüs əsasında həyata keçirilən bu proqramın önəmini vurğulayaraq yaradılan imkanlara görə tərəfdaş şirkətə təşəkkür edib. O, həmçinin qeyd edib ki, təcrübə əsasında tələbələrin qazandıqları bilik və bacarıqlar onların gələcək karyerasında mühüm rol oynayacaq.

Fabrizio Di Amato proqrama verdiyi dəstəyə görə BANM-in rektoruna minnətdarlığını bildirib və sertifikat alan tələbələri təbrik edib. “Bu proqram təhsil və özəl sektor arasında əməkdaşlığın bir nümunəsidir. Şirkətimiz belə ikitərəfli əməkdaşlığa böyük önəm verir. Bizim şirkətimizin əsas məqsədlərindən biri də professional səviyyəni yüksəltmək və uzunmüddətli əlaqələr yaratmaqdır. Bu isə yalnız gələcək nəsillərə investisiya qoyulmasından, şirkətlər və universitetlər arasında effektiv əlaqələrin yaranmasından asılıdır. BANM-in tələbələri şirkətimizdə istehsalat təcrübəsi keçərək öz biliklərini inkişaf etdirməklə yanaşı, beynəlxalq komandamıza inteqrasiya ola bildilər”, - deyə Fabrizio Di Amato bildirib.

Qeyd edək ki, istehsalat təcrübəsi proqramı BANM ilə “Maire Tecnimont Group” şirkəti arasında 2016-cı il oktyabrın 19-da imzalanmış əməkdaşlıq haqqında razılaşma çərçivəsində həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.