CƏMİYYƏT
“Facebook” şirkəti yeni sistem hazırlamışdır VİDEO
Bakı, 30 yanvar (AZƏRTAC ). “Facebook” sosial şəbəkəsi məlumat emalı mərkəzlərində təhlükəsiz məlumatların saxlanılması üçün “Blu-ray” diskli sistemlərdən istifadə edəcəkdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu barədə “Open Compute Summit” konfransında “Facebook” mühəndis xidmətinin vitse-prezidenti Cey Parih bildirmişdir.
Qeyd olunmuşdur ki, “Blu-ray” standartlı disklərdən “soyuq” məlumat saxlancı sistemlərində istifadə sərt diskli sistemlər ilə müqayisədə xərcləri 50 faiz, enerji sərfiyatını 80 faiz azaldacaqdır. Resursu 50 illik müddətə hesablanan sistemdən operativ çıxış tələb etməyən informasiyanın saxlanılması üçün istifadəsi nəzərdə tutulmuşdur.
Sosial şəbəkə mütəxəssisləri tərəfindən yaradılan sistemin prototipində bir modulda ümumi tutumu 1 petabayt təşkil edən 10 min “Blu-ray” disk vardır. Gələcəkdə modulun tutumunun 5 petabaytadək artırılması planlaşdırılır. “Facebook” artıq 30 petabaytlıq ilk məlumat saxlancını istismara vermiş, yaxın bir neçə ay ərzində isə onun tutumunu 150 petabaytadək artırmağa hazırlaşır.
Şirkətin infrastruktur üzrə direktoru Ceyson Teylorun sözlərinə görə, belə “soyuq” məlumat saxlancı sistemlərinin yayılması “Blu-ray” disklərə yenidən tələbatın artmasına və onların tutumu artırılan təkmilləşdirilmiş versiyalarının yaradılmasına səbəb ola bilər.