ELM VƏ TƏHSİL
“Facebook”un istifadəçilərinin sayı 1 milyard 59 milyonu ötüb
Bakı, 5 fevral, AZƏRTAC
Milyonlarla insanı özünə cəlb edən “Facebook” sosial şəbəkəsinin istifadəçiləri hər gün artır. 2004-cü ilin fevralında yaradılan “Facebook” 12 ildir ki, fəaliyyət göstərir. Populyar sosial şəbəkə Harvard Universitetində təhsil alan Mark Zükerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən yaradılıb.
AZƏRTAC xəbər verir ki, 2008-ci ildə saytın 100 milyon istifadəçisi vardısa, 2009-cu ildə bu rəqəm 300 milyon, 2010-cu ildə 400 milyon, 2011-ci ildə 700 milyon olub, 2012-ci ildə isə 1 milyardı keçib. Bu gün “Facebook”un 1 milyard 59 milyon fəal istifadəçisi var. “Facebook”un Azərbaycandakı bazar payı təxminən 81,57 faiz təşkil edir.
Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”un keçənilki gəliri 17,93 milyard dollar olub.
Qeyd edək ki, Mark Zükerberq və həyat yoldaşı Çan Pristsilla “Facebook”a aid səhmlərin 99 faizini “Çan-Zükerberq Təşəbbüsü” fonduna bağışlayıblar. Bu səhmlərin dəyərinin 45 milyard dollar olduğu bildirilir. Bu pullardan xeyriyyə məqsədləri üçün istifadə ediləcək.