CƏMİYYƏT
Fala baxmaq adı ilə dələduzluq edən şəxs polis tərəfindən tutulub
Bakı, 6 iyun, AZƏRTAC
Respublikanın daxili işlər orqanlarının əməkdaşları dələduzluq yolu ilə vətəndaşları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pullarını mənimsəyən şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçiriblər.
İyunun 1-də Bakı şəhər sakinləri olan iki nəfər polisə müraciət edərək bir qadın tərəfindən fala baxmaq adı ilə aldadılaraq ümumilikdə 1100 manat pullarının alındığını bildiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təxirə salınmadan keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluq əməlini törədənin Bakı şəhər sakini Roziya Jelandinovna olması müəyyən edilib və görülən tədbirlərlə o, tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Roziya Jelandinovnanın digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.