DÜNYA


Farer adalarında müstəqillik haqqında referendum keçiriləcək

Stokholm, 13 fevral, AZƏRTAC

Danimarkanın muxtar bölgəsi olan Farer adalarında 2018-ci ildə yeni Konstitusiya ilə əlaqədar referendum keçiriləcək. Danimarka KİV-lərində verilən məlumata görə, yeni Konstitusiyaya əsasən, bu adaların vətəndaşları təyini-müqəddərat hüququ əldə edəcəklər.

Farer adalar qrupu Atlantik okeanının şimalında Şotlandiya, Norveç və İslandiya arasında yerləşir. 1948-ci ildən etibarən bu adalara Danimarka krallığından tam muxtariyyət verilib. Əhalisinin sayı 48 min nəfər olan Farer adaları qrupu müdafiə və xarici işlərlə bağlı məsələlər istisna olmaqla bütün dövlət sahələrində öz hakimiyyətini qurmaq hüququna malikdir.

Adaların Baş naziri Aksel Yohannes jurnalistlərə müsahibəsində deyib: “Farer Konstitusiyası bizim bir millət kimi identikliyimizi, əsas hüquq və vəzifələrimizi, o cümlədən təyini-müqəddərat hüququmuzu müəyyən edəcək”.

Yeni Konstitusiyaya əsasən, gələcəkdə adaların müstəqilliyi və ya Danimarka ilə inteqrasiya məsələləri barədə referendumda Farer sakinləri ilə məsləhətləşmələr aparılması tələb olunur.

Referendumda həmçinin Farer adalarının hazırda üzv olmadığı Avropa İttifaqı kimi beynəlxalq təşkilatlara daxil olması məsələsinə də baxılması nəzərdə tutulur.

Danimarkalı jurnalistlər qeyd edirlər ki, Farer adalarının iqtisadiyyatında balıq ovu əhəmiyyətli yer tutur. Belə ki, ixracın 95 faizi bu sahənin payına düşür. Danimarka hökuməti hazırda bu regiona hər il subsidiya şəklində 650 milyon kron (73 milyon dollardan çox) yardım ayırır.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.