İDMAN
Farrucia ailəsi: Axşamlar Dənizkənarı Milli Parkda Xəzəri seyr etmək insanın ruhunu oxşayır
Bakı, 11 sentyabr, AZƏRTAC
Artıq bir həftədən çoxdur Bakıdayıq. Ölkəniz haqqında bizdə xoş təəssüratlar yaranıb. Qızımız Ceymi 42-ci Ümumdünya Şahmat Olimpiadasında çıxış edir və biz ona dəstək olmaq üçün Bakıya gəlmişik. Azərbaycana gəldiyimiz üçün çox məmnunuq.
Bu sözləri Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında Malta yığmasına azarkeşlik etmək üçün həyat yoldaşı Mariella ilə birlikdə ölkəmizə səfərə gələn Robert Farrucia AZƏRTAC-a müsahibəsində deyib.
Bakını gəzdiyini və şəhərimizin gözəlliyinə heyranlığını ifadə edən Robert Farrucia deyib: “Əsasən, “Alov qüllələri” və Qız qalası məni xüsusilə valeh etdi. Onlardan biri Bakının müasirliyinin, digəri isə qədim tarixinin rəmzidir. Paytaxtınızın gecələri isə özünəməxsus gözəlliyə malikdir. Axşamlar Dənizkənarı Milli Parkda gəzərək Xəzər dənizini seyr etmək insanın ruhunu oxşayır”.
Robertin xanımı Mariella Farrucia da ölkəmizlə bağlı təəssüratlarını bölüşərkən bildirib: “Şahmat Olimpiadasının keçirildiyi “Baku Crystal Hall”da sərgi salonunu dəfələrlə ziyarət etmişəm və orada olmaqdan zövq alıram. Nəinki şahmatçıların, azarkeşlərin də asudə vaxtlarını səmərəli keçirmələri üçün arenada hər cür şərait yaradılıb. Azərbaycan mətbəxinin zənginliyini isə xüsusən qeyd etməliyəm. Malta hər zaman öz çörəyi ilə məşhur olub. Ancaq burada yediyim təndir çörəyinin ləzzətli dadı hələ də damağımdan getməyib. Qısqanclıqla deməliyəm ki, sizin çörək daha dadlıdır. Azərbaycan çayı isə bir başqa aləmdir. Dənizkənarı Milli Parkda ailəmizlə birlikdə çay içməkdən böyük zövq alırıq. Azərbaycan çayının dadı digər ölkələrdəkindən tamamilə fərqli və çox bənzərsizdir”.