DÜNYA


Fars körfəzi ölkələri Qətərə təqdim olunan tələblər siyahısını qısaldıb

Bakı, 19 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətər qarşısında irəli sürdükləri tələblərin siyahısını qısaldıb və müəyyən vaxt göstərmədən onları yerinə yetirməyə çağırıblar.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ərəb ölkələri 13 detallı tələblər paketini 6 ümumi prinsip əsasında yenidən formalaşdırıb.

“Hamımız kompromis tərəfdarıyıq. Lakin bu altı prinsipdə güzəşt olmayacaq”, - deyə Səudiyyə Ərəbistanının BMT-dəki nümayəndəsi bildirib.

Yeni siyahıda “Əl-Cəzirə” telekanalını bağlanılması, həmçinin bütün İslam təşkilatlarının Qətərdən çıxarılması tələbləri yer almayıb. Bu dəfə ərəb ölkələri yeni “prinsiplərin” yerinə yetirilməsi üçün vaxt qoymayıb və onların daha geniş xarakterə malik olduğunu qeyd edib.

“Wall Street Journal” qəzetinin məlumatına əsasən, Qətər nümayəndəsi isə öz növbəsində ərəb ölkələrinin bu addımı beynəlxalq ictimaiyyətin təzyiqi şəraitində simalarını qorumaq üçün atdıqlarını deyib.

Xatırladaq ki, iyun ayının əvvəllərində Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi “terrora və ekstremist ideologiyasına dəstək verdiyinə görə” Qətərlə diplomatik əlaqələri kəsmək, bank əməliyyatlarını dayandırmaq, həmçinin bu ölkə ilə dəniz və quru sərhədlərini bağlamaq barədə qərar qəbul edib. Sonradan onlara daha bir neçə ərəb ölkəsi də qoşulub.

Bir qədər əvvəl körfəz ölkələri Küveytin vasitəçiliyi ilə Qətərə 13 tələbdən ibarət ultimatum vermişdi. Bu tələblərin arasında İranla diplomatik və hərbi münasibətlərin səviyyəsini aşağı salmaq, Türkiyənin ölkədəki hərbi bazasını bağlamaq, “Əl-Cəzirə” televiziyalar şəbəkəsinin fəaliyyətini dayandırmaq da vardı. Qətər qonşularının ittihamlarını əsassız sayaraq bəyan etmişdi ki, irəli sürülən tələblər qeyri-realdır və yerinə yetirilə bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.