DÜNYA
Fars körfəzi ölkələri Yəmənə yerüstü hərbi müdaxiləyə hazırlaşırlar
Bakı, 27 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanı və onun müttəfiqləri dünən Yəməndəki şiə qiyamçılarının mövqelərinə hava zərbələri endirməyə başlayıblar. Bombardmanlar hazırda da davam etməkdədir.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, hərbi əməliyyatlar Yəmən prezidenti Abdu Hadinin xahişindən sonra başlayıb. Onun tərəfində Səudiyyə Ərəbistanı ilə yanaşı, Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Misir, İordaniya, Sudan və Pakistan dayanırlar. Əməliyyatlara başlamaq barədə əmri Səudiyyə Ərəbistanının kralı verib və bunun üçün 100 qırıcı təyyarə,150 min hərbi qulluqçu ayırıb. ABŞ münaqişənin dinc yolla həllində uzun müddət təkid etsə də, sonda hərbi əməliyyatları təqdir edərək kəşfiyyat və məsləhətlə kömək göstərməyə hazır olduğunu bildirib.
Hazırda Yəmənin hava məkanını blokadaya alan koalisiya qüvvələri yerüstü əməliyyatlara hazırlaşırlar. İlk hava hücumları zamanı 65 nəfərin həlak olduğu, onlarla insanın yaralandığı bildirilir.
Bir çox dövlətlər bu ölkədəki səfirliklərini bağlayıb və diplomatlarını geri çağırıblar. Artıq Türkiyə də əməliyyatlara qoşulmaq niyyətini bəyan edib. Yəməndə müharibənin əleyhinə hələlik yalnız İran, İraq və Rusiya çıxış edirlər