CƏMİYYƏT
Fasiləsiz tibb təhsili keyfiyyətli və təhlükəsiz tibbi yardımın qarantıdır
Bakı, 4 iyul, Əziz Məmmədov
Əhaliyə tibbi yardımın göstərilmə keyfiyyəti və səhiyyə sistemi resurslarından optimal istifadə tibb kadrlarının hazırlıq səviyyəsindən birbaşa asılıdır. Tibb təhsili prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə səhiyyə naziri Oqtay Şirəliyevin 2017-ci il 20 iyun tarixli 45 nömrəli əmri ilə “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar” təsdiq edilib. Əmrdə səhiyyə idarə və müəssisələrinin rəhbərlərinə həmin qaydaları öz işlərində rəhbər tutmaq tapşırılıb. Bununla yanaşı, əmrdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri, anesteziologiya və reanimatologiya, mikrobiologiya və epidemiologiya, otorinolarinqologiya və kardiologiya kafedralarında 2017/2018-ci tədris ilindən başlayaraq tətbiqi pilot layihəsi üçün təkmilləşdirmə kurslarının təşkili və proqramların hazırlanması tapşırığı verilib. Bundan başqa, tibbi yardımın keyfiyyətinin daha da yaxşılaşdırılması üçün həkim daim özünü təkmilləşdirməli, tibb elminin ən son nailiyyətlərindən məlumatlı olmalı, bilik və bacarıqlarının səviyyəsini artırmalıdır. Bu baxımdan həkimə fasiləsiz tibb təhsili kömək edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin mütəxəssisi Təranə Əhmədova jurnalistlərə müsahibəsində söyləyib.
Diqqətə çatdırılıb ki, fasiləsiz tibb təhsilinin əsas məqsədi əhaliyə göstərilən tibb xidmətlərinin yüksək keyfiyyətini təmin etməkdir. “Həkimlərin bilik və bacarıq səviyyəsinin elm və səhiyyənin sürətli inkişafına müvafiq olaraq yüksəldilməsi son dərəcə vacibdir. Eyni zamanda, fasiləsiz tibb təhsili həkimlərə peşəkar inkişafı təkmilləşdirməkdə imkan yaradacaq. Bununla yanaşı, müvafiq sistem onların məsuliyyətini artıracaq”, - deyə nazirliyin mütəxəssisi əlavə edib.
Onun sözlərinə görə, həkimlər sertifikasiyadan keçmək üçün müəyyən miqdarda kredit toplamalı olacaqlar. “Kredit həkimin təhsil fəallığının ölçü vahididir. Məsələn, həkim il ərzində minimum 48 kredit, 5 illik sertifikasiya dövründə isə 240 kredit toplamalıdır. Həkim bu krediti toplamadığı halda sertifikasiyaya buraxılmır. Əgər 5 illik sertifikasiyanın ilk 4 ili ərzində həkim 240 və daha çox kredit toplayarsa, sonuncu il onun 24 kredit toplaması kifayət edir”, - deyə T.Əhmədova qeyd edib.