REGİONLAR
Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının misilsiz xidmətləri olub
Naxçıvan, 10 may, AZƏRTAC
1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri bugünkü gənc nəsil üçün vətənpərvərlik nümunəsidir. Odur ki, ölkəmizdə yaşlı nəslə, müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı göstərilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan şəhərindəki “Nuh yurdu” restoranında Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə alman faşizmi üzərində qələbənin 72-ci ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov müharibə veteranlarını faşizm üzərində Qələbə Günü münasibətilə təbrik edib.
Naxçıvan şəhərində yaşayan 1941-1945-ci illər müharibəsi veteranlarının və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə İkinci Dünya müharibəsinin sovet-alman cəbhəsində qazanılmış tarixi qələbədən söz açılıb, bu qələbənin qazanılmasında bir çox xalqlar kimi, Azərbaycan xalqının, o cümlədən Naxçıvan əhalisinin misilsiz xidmətləri xatırlanıb.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il aprelin 24-də imzaladığı “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamına uyğun olaraq, ölkəmizdə, həmçinin Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Sərəncama əsasən, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına 1000 (min) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilib.
Daha sonra müharibə veteranlarına Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından hədiyyələr təqdim olunub.
Qeyd edək ki, muxtar respublikanın digər şəhər və rayonlarında da faşizm üzərində Qələbə Günü münasibətilə tədbirlər keçirilib.