DÜNYA
Fatma Betül Sayan Kaya: 15 iyul Türkiyə tarixində ən qəddar dövlət çevrilişi cəhdi idi
Ankara, 13 iyul, Nihad Budaqov, AZƏRTAC
15 iyul hadisələri Türkiyə tarixində ən qəddar dövlət çevrilişi cəhdi idi.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya 15 İyul - Demokratiya və Milli Birlik Günü ərəfəsində iyulun 13-də Ankarada Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsində (BYEGM) əcnəbi media nümayəndələri ilə keçirilən görüşdə deyib.
Nazir əvvəlcə ötən il iyulun 15-də FETÖ terror təşkilatı tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhd zamanı türkiyəli fotojurnalistlərin çəkdikləri şəkillərin nümayiş etdirildiyi sərgi ilə tanış olub.
Fatma Betül Sayan Kaya bildirib ki, 15 iyul türk xalqının demokratiya uğrunda tarixi qələbəsidir. Millətimiz həmin gün qəhrəmanlıq nümayiş etdirdi. 15 iyul hadisələri Türkiyə tarixində ən qəddar dövlət çevrilişi cəhdi idi. Bunu FETÖ terror təşkilatı həyata keçirdi. FETÖ PKK və İŞİD qədər, hətta onlardan da təhlükəli terror təşkilatıdır. Lakin hələ də dünyanın bəzi ölkələrində bu təşkilatın məktəbləri, liseyləri fəaliyyət göstərir. Xalqımızı əmin edirik ki, FETÖ terror təşkilatı tərəfindən günahsız vətəndaşlarımızın şəhid edilməsi cəzasız qalmayacaq.
"Xalqımız 15 iyul hadisələri zamanı azadlıq və demokratiya yolunda əliyalın terrorçu əsgərlərin qarşısına çıxdı. Polis və gənclərimiz bu ölkənin ordusunun silahları ilə öldürüldü. Lakin xalqımız bu terrorçulardan qorxmadı, onların qarşısında demokratiya, ölkənin azadlığı üçün dik dayandı və vətən xainlərinə boyun əymədi", - deyə nazir deyib.