İQTİSADİYYAT


Fazil Məmmədov: Vergilər Nazirliyi vergi siyasətinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə böyük önəm verir

A+ A

Bakı, 20 iyul, AZƏRTAC 

Vergilər Nazirliyi vergi siyasətinin və vergi inzibatçılığının təkmilləşdirilməsində, vergi ödəyicilərinə yeni xidmət sahələrinin təqdim edilməsində, bütövlükdə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sahibkarların ictimai təşkilatları ilə müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir, qanunvericiliyə dəyişikliklər edilərkən ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının rəylərini nəzərə almağa, hər bir təklifə diqqətlə yanaşmağa çalışır. Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən bu görüş də məhz bu məqsədlərə xidmət edir.

Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sözlər iyulun 20-də Bakı Biznes Mərkəzində vergilər naziri Fazil Məmmədovun Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) nümayəndələri ilə görüşündə səsləndirilib.

Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu vəzifələrə toxunan F.Məmmədov vurğulayıb ki, istər Avropada, istərsə də bölgədə böhranlar yaşandığı bir şəraitdə iqtisadi inkişaf templərinin saxlanılmasına nail olmaq, ölkənin iqtisadi dayanıqlığını təmin etmək asan olmasa da, Azərbaycan inamla inkişaf edir və bunun təməlində ölkə başçısının qətiyyət və ardıcıllıqla həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət, aparılan islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlar dayanır.

Qeyd olunub ki, sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi üçün cari ilin əvvəlindən başlayaraq həm vergi qanunvericiliyində, həm də vergi inzibatçılığında ciddi islahatlar aparılıb, sahibkarlıq subyektlərinin sərbəst fəaliyyəti, yoxlamaların sayının minimuma endirilməsi, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi yükünün azaldılması, biznes mühitində şəffaflığın təmin edilməsi, qeyri-neft sektorunun inkişafı üçün dəstəyin artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib.

Bütün bunların nəticəsidir ki, neft gəlirlərinin və bu sahədən daxil olan vergilərin azalmasına baxmayaraq, Vergilər Nazirliyi proqnoz tapşırıqlarına artıqlaması ilə əməl edib. Bununla yanaşı, Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasında xüsusi olaraq vurğulayıb ki, vergilərin toplanmasında böyük ehtiyatlar var və cari ilin sonuna kimi vergi orqanlarında aparılan islahatlar bu vəziyyəti şəffaflaşdırmalıdır. İndi bu potensialı ortaya çıxarmaq, onun dövriyyəyə daxil edilməsinə nail olmaq vergi orqanlarının ən mühüm vəzifəsidir.

Nazir iqtisadiyyata investisiyaların cəlb edilməsi üçün əlverişli vergi mühitinin yaradılması məsələsinə də toxunaraq qeyd edib ki, bu gün Azərbaycanın vergi sistemi fiskal məqsədlərə deyil, həm də ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması kimi məqsədlərə də xidmət edir.

Azərbaycanda vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün Vergilər Nazirliyi tərəfindən ciddi vergi-büdcə təhlilləri aparılır. Vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artırılması ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqi məsələləri həmişə vergi orqanlarının diqqət mərkəzindədir.

Çıxışının sonunda F.Məmmədov qeyd edib ki, vergi inzibatçılığının ölkədə yaranmış yeni iqtisadi şəraitin tələblərinə uyğun olaraq təkmilləşdirilməsi məqsədilə ötən ilin dekabr ayında vergilər nazirinin rəhbərlik etdiyi xüsusi komissiya yaradılıb və həmin komissiya tərəfindən vergi inzibatçılığının əsas istiqamətləri üzrə təşkil olunmuş işçi qruplarının təklifləri əsasında vergi sistemində aparılması zəruri olan islahatlarla bağlı bir sıra tədbirlər həyata keçirilib.

AmCham-ın prezidenti İlqar Vəliyev Vergilər Nazirliyi ilə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirərək Azərbaycan iqtisadiyyatının hər bir sahəsində fəal olan yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən AmCham-ın ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin işlənib hazırlanmasında maraqlı olduğunu vurğulayıb.

Diqqətə çatdırılıb ki, Vergilər Nazirliyi ilə əməkdaşlığın nəticəsi olaraq qurum tərəfindən artıq 5-ci ildir vergi partnyorluğu mövzusunda konfranslar təşkil edilir, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür.

İ.Vəliyev görüşdə məqsədin ölkənin vergi sistemində aparılan islahatlar, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, vergi orqanı ilə biznes strukturları arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və digər məsələləri müzakirə etmək olduğunu söyləyib.

Sonra biznes strukturlarının nümayəndələri ilə onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, görüş iştirakçılarının sualları cavablandırılıb.

Tədbirdə ABŞ-ın Azərbaycandakı səfirliyinin və AmCham-ın nümayəndələri, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.