REGİONLAR


“FeMusa” orkestrinin rəhbəri: Qəbələdə belə möhtəşəm tamaşaçı auditoriyası ilə qarşılaşacağımı gözləmirdim VİDEO

Qəbələ, 2 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

İyirmi yeddi ildir ki, Londonda yaşayıram. “FeMusa” kamera orkestrini də 2008-ci ildə orada təşkil etmişəm. İlk dəfədir Qəbələ Beynəlxalq Musiqi Festivalına dəvət almışam. Festival çox yüksək səviyyədə təşkil edilib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “FeMusa” kamera orkestrinin yaradıcısı və bədii rəhbəri, Böyük Britaniyada yaşayan gənc azərbaycanlı musiqiçi, beynəlxalq müsabiqələr laureatı Nəzrin Rəşidova deyib.

O, rəhbərlik etdiyi kamera orkestrində 11 ölkədən gənc qızların təmsil olunduğunu və onların Qəbələ festivalında uğurla çıxış etdiyini bildirib: “FeMusa”nın musiqiçiləri burada bacarıqlarını nümayiş etdirdilər. Qəbələdə belə möhtəşəm tamaşaçı auditoriyası ilə qarşılaşacağımı, böyük diqqət görəcəyimi təsvir etmirdim. Festival yüksək səviyyədə təşkil olunub, buna görə də təşkilatçılara təşəkkür edirəm”.

Rəhbərlik etdiyi musiqi qrupunun fəaliyyətindən danışan Nəzrin Rəşidova bildirib ki, 9 il əvvəl Londonda istedadlı qadın musiqiçilərin iştirakı ilə təşkil edilən və peşəkar beynəlxalq kamera orkestri hesab olunan “FeMusa” daim müasir dövrün bəstəkarlarının əsərləri ilə çıxış edir. Orkestrin musiqiçiləri ənənəvi Qərb repertuarı ilə birlikdə nadir və ya daha az tanınan əsərləri səsləndirərək, multikultural aspektləri inkişaf etdirirlər. “FeMusa” 1950-ci ildən sonra Londonda yaradılan ilk qadın orkestridir.

Üç yaşından Londonda yaşayan azərbaycanlı musiqiçi Oman və Parisdə də konsertlər verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.