İQTİSADİYYAT
Fəaliyyəti dayandırılan 4 bankın əmanətçilərinə avqustdan kompensasiya veriləcək
Bakı, 26 iyul, AZƏRTAC
Lisenziyaları ləğv edilmiş "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-də sığorta hadisəsi baş verib.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, "Dekabank", "Kredobank", "Parabank" və "Zaminbank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə avqustun 1-dən başlanılacaq və bu barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalar ləğv edilib.
Fond bildirir ki, bu il martın 1-də qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilib və martın 2-dən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi-milli valyuta üzrə 12 faiz, xarici valyuta üzrə 3 faiz həddində olan fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.