İDMAN
Fələstin yığmasının məşqçisi: İslamiada müxtəlif voleybol komandalarının təcrübə mübadiləsi üçün yaxşı şansdır
Bakı, 15 may, Pərvanə Rəhimova, AZƏRTAC
Türkmənistanın kişilərdən ibarət voleybol yığması Fələstin komandasını 3:0 hesabı ilə məğlub edərək, İslamiadada ikinci qələbəsini qazanıb.
Oyundan sonra Fələstin komandasının məşqçisi Al-Talahmeh Muneyer AZƏRTAC-a müsahibəsində bildirib ki, komanda cəmi bir neçə saat əvvəl təyyarədən edib. O deyib: “Yığmamız İordaniyadan uzun sürən uçuşdan sonra yeni şəraitə uyğunlaşmağa macal tapmayıb. Bu da Türkmənistan yığması ilə matça təsir göstərib. Fələstin komandası özünü yaxşı tərəfdən göstərməyə çalışıb. Ümidvarıq ki, növbəti matçlarda yaxşı oyun nümayiş etdirəcək və azarkeşlərimizi qələbə ilə sevindirəcəyik”.
Al-Talahmeh Muneyer qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil edilib. İslamiada komandaların təcrübə toplaması və öz gücünü sınaması üçün yaxşı şansdır. O deyib: “İslam Həmrəyliyi Oyunlarında iştirak etmək və indiyə qədər turnirlərdə qarşılaşmadığımız komandalarla oynamaq Fələstin yığması üçün də yaxşı şansdır. Azərbaycan, Türkiyə və Türkmənistan komandaları ilə oynamaq gələcəkdə bizim üçün faydalı təcrübə olacaq”.