ELM VƏ TƏHSİL
Fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanları test texnologiyaları əsasında keçirilib
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları (İTİ) İnstitutunda fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanları akademiya üzrə mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında kompyuterlər vasitəsilə keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, imtahanda 82-si Azərbaycan, səkkizi rus bölməsindən olmaqla ümumilikdə 90 nəfər iştirak edib.
Əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə İTİ-nin Tədris-İnnovasiya Mərkəzində (TİM) fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanı prosesi ilə tanış olub.
Sonra AMEA-nın rəhbərliyi və imtahanların qəbul edilməsi məqsədilə yaradılan komissiyanın üzvlərinin iştirakı ilə “dəyirmi masa” keçirilib.
İmtahanda iştirak edənlərin fəlsəfə fənnindən biliklərinin obyektiv qiymətləndirilməsi üçün yeni mexanizmlərin tətbiq edildiyini bildirən akademik A.Əlizadə fəlsəfə imtahanlarının 2015-ci il 9 iyun tarixli Sərəncama əsasən test texnologiyaları əsasında keçirildiyini söyləyib.
Müzakirələr zamanı Azərbaycan elminin qarşısında dayanan mühüm vəzifələrin həyata keçirilməsi istiqamətində akademiyada görülən tədbirlər, elm və təhsil sahəsində aparılan islahatların əsas hədəflərindən bəhs edilib. AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsinin müvafiq sahələr üzrə alim və mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayacağı və Azərbaycan elminin inkişafına böyük töhfələr verəcəyi qeyd olunub.
İmtahanların yüksək səviyyədə təşkil edildiyini bildirən komissiya üzvləri TİM-də quraşdırılmış video-müşahidə sisteminin imtahan prosesində şəffaflığın təmin edilməsinə və imtahanlarda iştirak edənlərin biliklərinin daha obyektiv qiymətləndirilməsinə şərait yaratdığını bildiriblər.