ELM VƏ TƏHSİL
Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlumdur
Bakı, 23 yanvar, AZƏRTAC
Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsinin nəticələri məlumdur.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda altı mindən çox şagird iştirak edəcək.
Şagirdlər öz nəticələri barədə məlumatı yanvarın 24-dən etibarən aidiyyəti təhsil şöbələrindən (idarələrindən) ala bilərlər.
Olimpiadanın növbəti mərhələsinin martın ikinci ongünlüyündə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, yanvarın 15-də ölkənin bütün şəhər və rayonlarında respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsi keçirilib. Bilik yarışında 30 minədək şagird iştirak edib.
Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib.
Olimpiadaların təşkilinin məqsədi istedadlı uşaqların aşkarlanması, şagirdlərdə fənlərə olan marağın artırılması, onlara bilik və bacarıqlarının nümayiş etdirilməsində kömək göstərilməsidir.