ELM VƏ TƏHSİL
Fənn olimpiadalarının ilk mərhələsində 30 minə yaxın şagird iştirak edib
Bakı, 15 yanvar, AZƏRTAC
Bu gün ölkənin şəhər və rayonlarında respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilib.
AZƏRTAC Təhsil Nazirliyinin saytına istinadla xəbər verir ki, bu mərhələdə 30 min nəfərə yaxın şagird iştirak edib. Bakı şəhərində 14 mərkəzdə keçirilən bilik yarışına 6 min nəfərdən çox şagird qatılıb.
Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilir. Birinci mərhələnin nəticələri yanvarın 25-dək elan olunacaq. Hər fənn və hər sinif üzrə azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird yarımfinal turuna vəsiqə qazanacaq.
Olimpiadaların təşkilindən əsas məqsəd istedadlı şagirdləri aşkara çıxarmaq, onlara öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaratmaqdır.