SİYASƏT


Fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən media nümayəndələri mükafatlandırılıb [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 24 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.

Tədbiri açan Fondun icraçı direktoru Vüqar SƏFƏRLİ qonaqları və media təmsilçilərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

Sonra 2016-cı ildə KİVDF-nin təşkilatçılığı ilə keçirilən müsabiqələr barədə məlumat verilib. V.Səfərli bildirib ki, Fond tərəfindən 2016-cı ildə keçirilmiş 10 müsabiqədə 600-dən çox jurnalist iştirak edib, onlardan 445 nəfəri qalib gələrək mükafatlandırılıb. KİV-lərə ayrılan vəsait müqabilində qəzetlərdə il ərzində 19 istiqamət üzrə 6 min səhifədən çox yazı dərc olunub. Eyni zamanda, xarici ölkələrin media sahəsində təcrübəsini öyrənmək məqsədilə KİV rəhbərlərinin Londona, Ankaraya səfərləri təşkil edilib.

İcraçı direktor Fondun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə noyabrın 8-dən dekabrın 15-dək KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 160 yazının təqdim edildiyini bildirib. Diqqətə çatdırılıb ki, dekabrın 23-də müsabiqənin nəticələri açıqlanıb, həmçinin ikinci və üçüncü yerlərə layiq görülmüş media nümayəndələri mükafatlandırılıblar. Bu gün isə birinci yeri tutan jurnalistlər mükafatlandırılacaqlar. Müsabiqənin şərtlərinə əsasən, birinci yerin qaliblərinə 500, ikinci yerin qaliblərinə 400, üçüncü yerin qaliblərinə 300 manat mükafat veriləcək.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun AMAŞOV qalibləri təbrik edib, habelə belə müsabiqələrin əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin mediaya əsil dost münasibəti göstərdiyini vurğulayıb və Azərbaycan mediasının inkişafından söz açıb. Ə.Amaşov Azərbaycan jurnalistləri adından dövlətimizin başçısını yubileyi münasibətilə təbrik edib.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV çıxış edib. Əli Həsənov dövlətimizin başçısının ünvanına yubileyi münasibətilə səslənən təbrikləri Azərbaycan mediasının Prezident İlham Əliyevdən razılığının əlaməti kimi səciyyələndirib və bunu Prezidentə çatdıracağını bildirib.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1993-cü ildən başlayaraq medianın cəmiyyətin ən nüfuzlu institutlarından biri səviyyəsinə qaldırıldığını vurğulayan Əli Həsənov deyib: “Media, ümumiyyətlə, bütün dünyada cəmiyyətin ən nüfuzlu ictimai institutudur. Ona görə də Ümummilli Lider hər zaman medianı cəmiyyətin əsas mexanizmlərindən, əsas ictimai institutlarından biri səviyyəsində görür və dəyərləndirirdi. Təsadüfi deyil ki, media azadlığı, siyasi plüralizm Azərbaycan Konstitusiyasına cəmiyyətin əsas aparıcı meyillərindən, atributlarından biri kimi Ümummilli Liderin təşəbbüsü ilə daxil edilib. Heydər Əliyev 1998-ci il 6 avqust tarixli Fərmanla media üzərindən bütün dövlət-ictimai tənzimləmə mexanizmlərini aradan qaldırdı və media özünü tənzimləmə yoluna qədəm qoydu. Sonradan Mətbuat Şurası yaradıldı. Beləliklə, media-dövlət-cəmiyyət münasibətləri, medianın fəaliyyətinin əsas istiqamətləri müəyyənləşdirildi”.

Əli Həsənov qeyd edib ki, Prezident İlham Əliyev media ilə bağlı fikirlərini dəfələrlə səsləndirib və müasir Azərbaycan cəmiyyətini, Azərbaycan dövlətini azad mediasız, siyasi plüralizmsiz təsəvvür etmədiyini deyib. Prezident İlham Əliyev qeyd edib ki, azad media Azərbaycan cəmiyyətində mühüm rola malikdir. Buna görə də dövlətimizin başçısı KİV-in inkişafı, söz və mətbuat azadlığının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Xalqın milli iradəsini dövlətçiliyin mühüm amili kimi dəyərləndirən Əli Həsənov vurğulayıb: “KİV bir tərəfdən cəmiyyətdə milli iradənin formalaşmasında iştirak edir, digər tərəfdən bizim intellektli jurnalistlərimiz yaxşı nümunələri cəmiyyətə təlqin edir və beləliklə, bu prosesdə mühüm rol oynayır. Əslində bu gün Azərbaycan dövləti mediaya həm də cəmiyyətlə, xalqla dövlət arasında əlaqə vasitəsi kimi baxır. Media vasitəsilə biz öz fikirlərimizi, siyasətimizi xalqa çatdırırıq, eyni zamanda, dövlətimiz, siyasətimiz, hakimiyyətimiz haqqında cəmiyyətin rəyini öyrənirik”.

Prezidentin köməkçisi bildirib ki, dövlət yeddi ildir KİVDF vasitəsilə mediaya şəffaf şəkildə yardım göstərir. Bu məqsədlə 28 milyon manata yaxın birbaşa vəsait yönəldilib. “Bilirsiniz ki, təxminən bir o qədər də vəsait jurnalistlərin digər qayğılarına, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə və digər məqsədlərə yönəldilib. Ulu öndər Heydər Əliyev qəzetlərin dövlətə olan borclarını dondurub, nəşriyyatda onlara güzəştli şərait yaradılıb, KİV bir sıra vergilərdən azad olunub. Bir sözlə, media dövlətin bütün qayğı mexanizmərindən, resurslarından istifadə edib və etməkdədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə jurnalistlər üçün yaşayış binası tikilib və mənzillər pulsuz paylanılıb. Hazırda daha bir binanın tikintisi gedir. Yəqin ki, gələcəkdə bunun davamı da olacaq. Bütün bunlar ona görə edilir ki, siz Azərbaycan cəmiyyətindəki ictimai funksiyanızı, rolunuzu bundan sonra da dolğun şəkildə və bacarıqla həyata keçirəsiniz. Bu baxımdan biz bir tərəfdən jurnalistlərin peşəkarlığının, vətənpərvərlik hislərinin artırılması, digər tərəfdən də KİV-in maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər görürük və görməkdə davam edəcəyik. Prezident İlham Əliyev Sizin arxanızdadır, Sizin dostunuzdur”, - deyə Prezidentin köməkçisi diqqətə çatdırıb.

Azərbaycan bu gün dünyada böyük nüfuz, hörmət qazanıb. Bununla yanaşı, onun əleyhdarları da az deyil. Bu barədə danışan Əli Həsənov deyib: “Biz bu gün böyük erməni lobbisi, diasporu ilə qarşı-qarşıyayıq. Böyük islamafob dairələrlə üz-üzəyik. Regionda və beynəlxalq aləmdə Azərbaycanı istəməyən missioner təşkilatlar var ki, onlar xalqımızın birliyini, inkişafını görmək istəmir və qarşımızda müxtəlif maneələr yaradırlar. Bütün bu sahələrdə jurnalistlərin köməyinə ehtiyacımız var və düşünürəm ki, siz də bu köməyinizi dövlətdən və xalqdan əsirgəməyəcəksiniz”.

Əli Həsənov çıxışının sonunda tədbir iştirakçılarını və bütün jurnalistləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra müsabiqədə birinci yeri tutan jurnalistlərə mükafatlar verilib. Onların arasında AZƏRTAC-ın müxbiri Tahir Ağaməmmədov da var.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.