İDMAN
Fərid Mansurov: Məqsədimiz qazanılan nailiyyətlərin davamlı olmasıdır
Bakı, 14 noyabr, AZƏRTAC
Son doqquz ayda Azərbaycan idmançıları 512, o cümlədən 121 qızıl, 146 gümüş, 245 bürünc medal qazanıblar. Bu dövrdə ölkəmizdə 106 respublika əhəmiyyətli yarış və 29 beynəlxalq turnir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 14-də Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov keçirdiyi mətbuat konfransında deyib.
F.Mansurov bildirib ki, idmançılarımız bu müddətdə 128 beynəlxalq turnirə qatılıblar. Atletlərimiz Rio-2016 Yay Olimpiya Oyunlarında 18, Paralimpiya Oyunlarında isə 11 medala sahib olublar. Bu, Azərbaycan idmanının böyük uğurudur. Həmçinin cari ildə ölkəmizdə Formula-1 Avropa Qran-prisi və 42-ci Ümumdünya Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olunub. Qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılıblar. Gələn il yenidən dünyanın idman ictimaiyyətinin diqqəti ölkəmizə yönələcək. Paytaxtımız IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri vəzifəsinə təyinatı haqqında danışan Fərid Mansurov bildirib: “İdmançı kimi bu sahə ilə bağlı müəyyən mərhələlər keçmişəm. Ona görə bu iş mənim üçün çox maraqlıdır. Hazırda çox məsuliyyətli vəzifədə çalışıram. Azərbaycan idmanının daha da inkişafı üçün əlimdən gələni edəcəyəm. İdman şöbəsinin müdiri təyin olunan kimi, uşaq-gənclər idman məktəblərinin durumu ilə maraqlandım. İdmanın tərəqqisi üçün ilk növbədə uşaq idman məktəblərinin inkişafı önəmlidir”.
Gələcək planlarından söz açan F.Mansurov qeyd edib: “Məqsədimiz qazanılan nailiyyətlərin davamlı olmasıdır. Bu mənada əsas diqqət idman məktəblərinə və ölkədə idmanın kütləviləşməsinə yönələcək”.
Ölkədə otüstü xokkeyin inkişafına son illərdə daha çox diqqətin yetirildiyini bildirən Fərid Mansurov orta təhsil məktəblərini əhatə edəcək “Olimpiya klubu” layihəsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, gələn ildən orta təhsil məktəblərində Olimpiya klublarının yaradılması planlaşdırılır. Şagirdlər klublara könüllü yazılacaqlar. Klublarda Olimpiya simvolları yerləşdiriləcək və Milli Olimpiya Komitəsi tərəfindən xüsusi proqram hazırlanacaq. Məktəblilər burada Olimpiya ideyalarını öyrənəcək və irimiqyaslı yarışlar barədə ətraflı məlumat əldə edəcəklər.
Sonda Fərid Mansurov jurnalistlərin suallarını cavablandırıb.