İDMAN
Fərid Qayıbov: Azərbaycanda gimnastikanın kütləviliyinin artırılması üçün müxtəlif yarışlar keçirilir
Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyası (AGF) ilin əvvəlindən Bakıda müxtəlif beynəlxalq tədbirlər təşkil edib. Bu tədbirlərdən üçü beynəlxalq hakimlik kursu, üçü isə Dünya Kuboku mərhələləridir.
Bu sözləri AGF-in baş katibi, Avropa Gimnastika İttifaqının (FIG) vitse-prezidenti Fərid Qayıbov iyunun 10-da AZƏRTAC-a müsahibəsində deyib.
Azərbaycanda gimnastikanın bütün növləri, o cümlədən bədii gimnastika, batut, kişi və qadın idman gimnastikası üzrə yarışların keçirildiyini vurğulayan F.Qayıbov bildirib: “Beynəlxalq Gimnastika Federasiyası Şurasının iclası ilk dəfə olaraq Bakıda keçirildi. IV İslam Həmrəyliyi Oyunlarının proqramına ilk dəfə olaraq gimnastika daxil edildi. Artıq biz yerli yarışlara start vermişik. Gimnastikanın altı növünün hər biri üzrə Azərbaycan və Bakı birincilikləri keçirilir. Bu gün bədii gimnastika paytaxt Bakı ilə yanaşı, 14 regionda sürətlə inkişaf etdirilir. Bundan başqa, idmanın bu növünün kütləviliyini artırmaq üçün regionlarda müxtəlif yarışlar təşkil olunur”.
Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə 24-cü Bakı çempionatının, Azərbaycan birinciliyinin və akrobatika üzrə 24-cü ölkə çempionatının uğurla davam etdiyini deyən baş katib vurğulayıb: “Sevindirici haldır ki, nisbətən yeni idman növü olmasına baxmayaraq, qadın gimnastikası ölkəmizdə uğurla inkişaf edir. Böyüklərdən ibarət qadın milli komandamız əsasən dəvət olunan legionerlərdən ibarətdir. Amma biz bu yarışlardan da gördük ki, artıq bizim öz qızlarımız da yetişir və yaxşı nəticələr göstərirlər. Ümid edirik ki, bir neçə ildən sonra Azərbaycanda yetişən qadın gimnastlarımız beynəlxalq arenada ölkəmizi uğurla təmsil edəcəklər”.
Akrobatika gimnastikası üzrə kifayət qədər uğurların əldə olunduğunu vurğulayan F.Qayıbov bildirib ki, qarşıda idmançılarımızı Avropa çempionatı gözləyir. Bu yarışlar idmançılarımız üçün həmin mötəbər turnirlərə bir baxımdan hazırlıqdır. Biz gimnastlarımızın bu yarışlara hazır olduqlarını müşahidə etdik. Qarşıdakı yarışlarda gimnastlarımıza uğurlar arzulayırıq.