REGİONLAR


Fermer təsərrüfatının rəhbəri: Prezidentin qarşıya qoyduğu vəzifələr bizi daha səylə işləməyə sövq edir

Lənkəran, 5 avqust, Bağır Əliyev, AZƏRTAC

Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin dərin məzmunlu nitqini böyük diqqətlə dinlədim. Dövlətimizin başçısı təkcə baramaçılıq, tütünçülük və fındıqçılıq sahələrinin deyil, bütövlükdə kənd təsərrüfatının daha da inkişafı ilə bağlı dəyərli fikirlərini bölüşdü və bizi işlədiyimiz bütün sahələrdə səylə çalışmağa, məhsul bolluğu yaratmağa həvəsləndirdi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində respublika müşavirəsinin iştirakçısı, Lənkəran rayonunda fəaliyyət göstərən “Yaşıl çay” Fermer Təsərrüfatı MMC-nin direktoru Araz Yaqubov deyib.

Respublika müşavirəsində dövlətimizin başçısının ənənəvi və ixracyönümlü sahələrdən olan baramaçılığın inkişafına da toxunduğunu vurğulayan A.Yaqubov qeyd edib ki, Prezident İlham Əliyev nitqində 30 rayonda barama istehsal olunduğunu bildirib. Gələn il 500 ton barama tədarükü gözlənilir. 2025-ci ildən isə bu həcmin 6 min tona çatdırılması mümkündür.

Fermer deyib: “Bu, qarşımıza mühüm vəzifələr qoyur. Biz də çalışacağıq ki, bu vəzifələrin yerinə yetirilməsi üçün əlimizdən gələni əsirgəməyək. Ötən il ölkəyə gətirilən 1,5 milyon tut tingindən 10 min 150 ədədi “Yaşıl çay” fermer təsərrüfatında əkilib. 1,2 hektarda salınan tut bağı yüksək aqrotexniki qulluq sayəsində sürətlə inkişaf edir. Yaxın gələcəkdə daha 40 min tut tingi əkməyi nəzərdə tutmuşuq. Bütün bunlar baramaçılığın yem bazasının təşkilinə imkan verəcək. Bu isə nəticədə bol məhsula gətirib çıxaracaq”.

“Təsərrüfatımız əsasən çayçılıq üzrə ixtisaslaşsa da, çalışacağıq ki, çay emalı müəssisəsi kimi, yaş barama emalı müəssisəsi də quraq. Bu isə yeni iş yerlərinin yaradılmasına, ölkəyə daha çox valyuta gətirilməsinə səbəb olacaq. Bir sözlə, Prezidentin qarşıya qoyduğu vəzifələr bizi daha səylə işləməyə sövq edir”, - deyə A.Yaqubov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.