REGİONLAR
Fermerlər aqrar sığortanın üstünlükləri barədə məlumatlandırılıblar VİDEO
Quba, 28 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 28-də Qubadakı “Fermer evi”ndə fermerlər və fermer assosiasiyaları ilə keçirilən görüşdə aqrar sığortanın əsas prinsipləri təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı ilə təşkil olunan görüşdə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri, eləcə də şimal bölgəsindən olan 50-yə yaxın fermer iştirak edib.
Tədbirdə mütəxəssislər bu sahədə dünya təcrübəsi barədə ətraflı məlumat verib, Azərbaycana uyğun sistemlərə dair fikirlərini bildiriblər. Bununla yanaşı, kənd təsərrüfatında dəyər zəncirləri, mövcud risklər və itkilər barədə ekspert araşdırmaları dinlənilib.
Hərtərəfli sorğu və geniş müzakirələr zamanı fermerlərin rastlaşdığı zərərlər, risklər, aqrar sığorta barədə təsəvvür və gözləntiləri, məlumat ala bilmə imkanları öyrənilib.
Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərin maliyyə mənbələrinə daha asan çıxışına kömək etmək üçün ölkəmizdə davamlı və dayanıqlı şəkildə fəaliyyət göstərəcək aqrar sığorta sisteminin qurulması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Nəzərdə tutulan sistemin qurulmasına Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən dəstək verilir.
Aqrar sığorta sisteminin risklərin azaldılması ilə sektorun stabilliyini təmin etməsi, məhsul itkisi ilə bağlı təzminatın ödənilməsinin fermerlərin müflisləşmə ehtimalını azaldacağı və kreditlərin ödənmə imkanlarının artmasına gətirib çıxaracağı proqnozlaşdırılır.