REGİONLAR
Fermerlər heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları barədə məlumatlandırılıblar VİDEO
Tovuz, 5 may, AZƏRTAC
Mayın 5-də Tovuz Olimpiya İdman Kompleksində heyvandarlıqla bağlı zona müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, zona müşavirəsində Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarının fermerləri, süni mayalandırma mütəxəssisləri, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslər, heyvandarlıq mütəxəssisləri iştirak ediblər.
Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək, 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalar və bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə iştirakçılara ətraflı məlumat verib.
Sonra mütəxəssislər çıxış edərək heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, yem bazasının yaradılması yolları və xəstəliklərlə mübarizə tədbirlərinə dair müşavirə iştirakçılarını məlumatlandırıblar.
Müşavirədə fermerləri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sonda müasir heyvandarlıq kompleksində qabaqcılı təcrübənin nümayişi təşkil olunub.