REGİONLAR
Fermerlərə lizinqə götürdükləri kənd təsərrüfatı texnikalarına görə 682.925 min manat güzəşt tətbiq edilib
Ağdaş, 22 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Kənd təsərrüfatı naziri Heydər Əsədov yanvarın 22-də Ağdaş rayonunda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb. Görüşdə fermerlərə lizinqə götürdükləri kənd təsərrüfatı texnikalarına görə güzəşt tətbiq edilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ağdaş, Göyçay, Zərdab, İsmayıllı, Ucar və Yevlax rayonları üzrə 65 istifadəçiyə lizinqə verilən, ümumilikdə, 1.853.598 manat məbləğində 117 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 682.925 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 33 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi məqsədilə xidmət göstərilib.
Nazir Heydər Əsədov bildirib ki, “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən, 4265 istifadəçinin lizinqə götürdüyü, ümumilikdə, 12450 kənd təsərrüfatı texnikasına 51.837.925,59 manat məbləğində güzəşt tətbiq edilib. “Aqrolizinq” ASC-dən lizinq yolu ilə kənd təsərrüfatı texnikaları əldə edən istifadəçilərə yerlərdə xidmət göstərilməsi məqsədilə güzəştlərin tətbiqi üzrə Xüsusi Komissiyanın Xaçmaz, Quba, Tovuz, Zaqatala, Qəbələ rayonlarında və Gəncə şəhərində səyyar iclasları keçirilib.
Ümumilikdə, Xüsusi Komissiyanın səyyar iclaslarında respublikanın 33 rayonunu əhatə etməklə 537 istifadəçiyə lizinqə verilmiş 1093 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 6.811.460,06 manat məbləğində güzəşt tətbiq edilib. İstifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 346 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətə verilməsi təmin olunub.