REGİONLAR


Fermerlərin maliyyə savadlılığının artırılması üçün növbəti seminar Beyləqanda təşkil olunub

A+ A

Beyləqan, 9 sentyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) müştərək layihəsi olan “Azərbaycan kənd təsərrüfatı maliyyə aləti layihəsi”nin (AzAFF) nümayəndələri fermerlərin maliyyə savadlılığı mövzusunda regional tədbiri həyata keçirmək üçün Aran bölgəsində səfərdə olublar.

AZƏRTAC xəbər verir ki, artıq bir ilə yaxın müddət ərzində Azərbaycanda uğurla həyata keçirilən “AzAFF” layihəsi çərçivəsində fermerlərin maliyyə savadlılığına həsr olunmuş növbəti seminar Aran regionunda təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Olunması üzrə Dövlət Xidmətinin dəstəyi ilə Beyləqan rayonunda planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksiyaları, onlarla uzunmüddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliyin təyin olunması mövzularını ehtiva edən təlim keçirilib. Otuza yaxın fermerin iştirak etdiyi təlim böyük maraqla qarşılanıb.

Layihənin aparıcı eksperti Fəğan Ağayev bu cür seminarların fermerlərin maliyyə savadlılığını artıraraq istər ailə büdcəsi, istərsə də banklarla münasibətlərinin yaxşılaşdırılmasında mühüm rol oynadığını bildirib.

“Fermerlərin maliyyə savadlılığının artırılması” təlimində tədris materialların fermerlərə izahı ilə yanaşı, onların öyrəndiklərinin nümunələr üzərində praktiki tətbiqi həyata keçirilib. Tədbir əsnasında fermerlərə özündə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də verilib.

Seminarda fermerləri maraqlandıran suallar və məsələlər müzakirə olunub. Sonda fermerlərə sertifikatlar təqdim olunub. “AzAFF” layihəsi çərçivəsində fermerlərə maliyyə savadlılığı mövzusunda təlimlərin keçirilməsi gələcəkdə də davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.