MƏDƏNİYYƏT
Festivalda Avropa Oyunlarının atributlarının təsvir olunduğu qənnadı məmulatı təqdim edilib
Bakı, 29 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 29-da Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşəbbüsü ilə 12 nömrəli Bakı peşə liseyində “Təhsil Alan Gənc Qənnadıçıların Respublika Festivalı” keçirilib. Festival birinci Avropa Oyunlarına və 28 may - Respublika Gününə həsr olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMKA-nın prezidenti Tahir Əmiraslanovun “Azərbaycan mətbəxi haqqında” məruzəsi dinlənilib. Sonra “Azərbaycan mətbəxi: dadsonrası dad” adlı sənədli film nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş bu filmin rejissoru Şamil Nəcəfzadə, elmi redaktoru Tahir Əmiraslanovdur.
Festivalda Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Turizm Peşə Məktəbi, 12, 13 və 18 nömrəli peşə liseyləri və Bakı Qida Sənayesi Kollecinin müəllim və şagirdlərinin hazırladıqları qənnadı məmulatı təqdim edilib. Qənnadı məmulatında birinci Avropa Oyunlarının atributları təsvir olunub.
Yüksək keyfiyyətlə hazırlanmış şirniyyat məhsullarına dequstatorlar, ziyalılar, ictimaiyyət nümayəndələri və Bakıdakı “Ümid” və “Qızıldaş” uşaq evlərinin sakinləri yüksək qiymət veriblər.
Tədbir çərçivəsində AMKA-nın üzvü Aysel Hüseynova tərəfindən qənnadı məmulatlarının tərtibatı üzrə usta sinfi nümayiş olunub.
Festivala dəstək verən “Azersun Holding” şirkətlər qrupu, “Araz computers” firması, “Millenium travel” şirkəti, “Pizza Hat” restoranı, “İnci” firması, “R&R” şirkəti, “Vinni” şirniyyat evi və “Ketchi” firmasının əməkdaşlarına və festivalda fərqlənən şirniyyatçılara AMKA-nın diplomları təqdim olunub.
Sonda festival iştirakçılarına təşəkkür edən T.Əmiraslanov hər kəsi iyulun 20-də Şəkidə keçiriləcək II Beynəlxalq Şirniyyat festivalına dəvət edib.