İQTİSADİYYAT
Fevral ayında 14,218 mindən çox sığorta müqaviləsi bağlanılıb
Bakı, 4 mart, AZƏRTAC
Fevral ayı ərzində daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 14,218 mindən çox sığorta müqaviləsi bağlanılıb.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildiriblər ki, 2015-ci ilin fevral ayında daşınmaz əmlakın icbari sığortası üzrə 13,448, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 712, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 58 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 3,807,506 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 49,200 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 11,002 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 7 faiz azalma, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 57 faiz artım, sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələrinin sayında 5,8 dəfə artım müşahidə edilib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 76,03 faizi yaşayış evləri və mənzillər, 0,42 faizi inzibati binalar, 23,55 faizi digər daşınmaz əmlakla bağlı olub.