CƏMİYYƏT
Fevralda Azərbaycanın dövlət sərhədini pozduqları üçün 34 nəfər saxlanılıb VİDEO
Bakı, 14 mart, AZƏRTAC
Bu ilin fevralında Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində dövlət sərhədini pozduqları üçün 22 halda 34 nəfər saxlanılıb. Onların 11-i Azərbaycan, 9-u İran, 4-ü Qana, hər ölkədən 2 nəfər olmaqla Pakistan, Özbəkistan, Ukrayna və hər ölkədən 1 nəfər olmaqla Moldova, Gürcüstan, Banqladeş və Filippin vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozduqları üçün yaşıl sərhəddə 2 halda 4, Xəzər dənizində 14 halda 25 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 391 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 6 halda 7 kiloqram 498 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 59 halda ümumi dəyəri təqribən 376 min manat olan qaçaqmal, o cümlədən “TOZ-8” markalı tüfəng, bir ədəd 7,62 millimetrlik güllə, 25 kiloqram barıt, “Drond” markalı uçuş aparatı, 15 min 636 qutu siqaret, 30 min 920 Azərbaycan manatı, 569 min Rusiya rublu, 30 baş buzov, 6 baş at, müxtəlif növ dərman preparatları, spirtli içkilər, ərzaq və sənaye malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.