MƏDƏNİYYƏT
Fəxrəddin Manafov "Cəhənnəm sakinləri" əsərində baş rolu oynayacaq
Bakı, 1 avqust, AZƏRTAC
Tanınmış aktyor, Xalq Artisti Fəxrəddin Manafov yeni mövsümdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək. Teatrın direktoru İsrafil İsrafilovun sözlərinə görə, tanınmış aktyor Xalq Yazıçısı Elçinin "Cəhənnəm sakinləri" əsərində baş rolu oynayacaq.
Bu barədə AZƏRTAC-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Yeni mövsümdə maraqlı səhnə əsərlərinin tamaşaya qoyulacağını bildirən teatrın direktoru deyib: "Artıq səhnəmizdə yeni simalar görünəcək. Fəxrəddin Manafovu Akademik Milli Dram Teatrına dəvət etmişik. İki tanınmış sənətkarın - Fuad Poladov və Fəxrəddin Manafovun birlikdə çıxış edəcəyi yeni səhnə əsəri hazırlayırıq".