SİYASƏT
Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
Bakı, 22 noyabr, AZƏRTAC
MDB-nin Gənclərlə İş üzrə Şurasının Bakıda keçiriləcək iclasının iştirakçıları noyabrın 22-də Fəxri xiyabana gələrək, xalqımızın ulu öndəri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Azərbaycanın bir sıra görkəmli ictimai, siyasi və mədəniyyət xadimlərinin Fəxri xiyabandakı məzarları da ziyarət edilib.
Sonra Şəhidlər xiyabanına gələn iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.