MƏDƏNİYYƏT


Fidan Hacıyeva: Arzularım çin olur VİDEO

Azərbaycanın Xalq Artisti Fidan Hacıyeva fransalı tamaşaçıların da qəlbini fəth etdi

Bakı, 20 iyul, AZƏRTAC

Bu günlərdə Xalq Artisti Fidan Hacıyeva Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində solo konsert proqramı ilə çıxış edib. Parisdə müğənninin ilk konsertini Fransanın senatorları, UNESCO-nun nümayəndələri, mədəniyyət, ictimaiyyət və elm xadimləri izləyiblər.

Parisdə fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının (ADA) Fransanın Milli Bayramı münasibətilə keçirdiyi tədbir çərçivəsində reallaşan solo konsertdə Fidan Hacıyeva Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib.

Mirvari Fətəliyeva: fransalı senator İv Pozzo di Borqo Fidan Hacıyevanın çıxışına görə mənə təşəkkür mesajı göndərdi

Fidan Hacıyeva ecazkar ifası ilə bu dəfə fransalı tamaşaçıların qəlbini fəth edib. ADA-nın baş katibi Mirvari Fətəliyevanın sözlərinə görə, assosiasiya bu səpkidə, yəni opera əsərlərindən ibarət konsertləri az-az təşkil edir. “Konsertdən olduqca razı qalan tamaşaçılar mənə çoxsaylı təşəkkür mesajları göndəriblər. Bu mesajlarda Fidan xanımın çox gözəl səsi olduğu, “Karmen”i yüksək səviyyədə ifa etdiyi, Azərbaycan mahnılarını gözəl oxuduğu bildirilib. Bir saatdan çox davam edən konsertdə müğənninin çıxışı unudulmaz təəssürat yaradıb. Tədbirdə iştirak edən Fransa senatının üzvü İv Pozzo di Borqo Fidan xanımın konsertinə görə mənə təşəkkür mesajı göndərdi, onun çıxışına valeh olduğunu bildirdi. Xoş təəssüratlar çoxdur”, - deyə Mirvari Fətəliyeva bildirib.

“Karmen”in flamenko ilə mükəmməl təqdimi Jorj Bizenin “Karmen” operasında baş qəhrəmanın obrazına məharətli ifası ilə öz möhürünü vuran Fidan Hacıyeva bu əsəri çox sevir. Özünün də dediyi kimi, bu əsər onun üçün doğmalaşıb. Üzərində daim işləyən Fidan xanım bu obrazı fransalı tamaşaçılara daha maraqlı formada təqdim edib. Bundan əvvəl İspaniyanın Barselona şəhərinə getmiş müğənninin flamenko rəqsini öyrənməsi ona stimul verib. Nəticədə Parisdəki solo konsertdə tələbkar fransız tamaşaçıları Karmen obrazının ispan rəqsi ilə təqdimatını, habelə Azərbaycan xalq mahnılarının ifası zamanı milli rəqslərimizin təcəssümünü heyranlıqla qarşılayıblar. Sen-Sansın “Samson və Dalila” operasında Dalilanı fransız tamaşaçıları qarşısında onların öz dilində mükəmməl ifa etməsi və alqışlarla qarşılanması Fidan xanımın daha bir uğurudur. Sözsüz ki, bu uğurlar sənətini sevən, ona sədaqətli olan ifaçının illər boyu çəkdiyi zəhmətinin bəhrəsidir.

Azərbaycanın Dostları Assosiasiyasının təşkil etdiyi tədbir, eləcə də öz çıxışı barədə AZƏRTAC-ın müxbiri ilə fikirlərini bölüşən Fidan Hacıyeva deyir: “Fransanın paytaxtı Parisdə konsert vermək çoxdankı arzum idi. Məni solo proqramla çıxış etmək üçün dəvət edən Mirvari Fətəliyevaya təşəkkür edirəm. O, çox vətənpərvər qadındır. Tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Qonaqlara Azərbaycan şirniyyatı nümunələri də təqdim edildi. Eyfel qülləsinin yanında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzindən atəşfəşanlığı da izlədik”.

Qeyd edək ki, konsertdə, həmçinin gözəl pianoçu Zülfiyyə Sadıqova K.Debüssinin, F.Listin, F.Şopenin, Ü.Hacıbəylinin, A.Bəbirovun əsərlərini ifa edib. Tamaşaçılar konsertdən sonra iki azərbaycanlı musiqiçinin növbəli çıxışının harmoniya yaratdığını, bir-birini tamamladığını söyləyiblər. Həmçinin Fidan Hacıyevaya Parisdə çıxış etmək barədə təkliflər olub.

Fidan Hacıyeva: Sanki bir güc gəldi mənə

Fransanın Milli Bayramı münasibətilə keçirilən tədbir Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində erməni təxribatı nəticəsində ikiyaşlı Zəhranın və nənəsinin ölümündən on gün sonraya təsadüf edib. Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edən Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel bu hadisə barədə Fransa Prezidentinə müraciət etdiklərini diqqətə çatdırıb. Azərbaycan həqiqətlərini sənətinin dili ilə dünyaya yayan Fidan Hacıyeva da həmin günlərdə xalqımızın vətənpərvər övladı və bir ana kimi çox üzülmüşdü. O, bu barədə fikirlərini bölüşərək deyir: “Konsert ərəfəsində özümü çox pis hiss edirdim. Lakin anlayırdım ki, xaricilərin qarşısında daha yaxşı çıxış etməli və xalqımızın mədəniyyətini layiqincə təmsil etməliyəm. Bütün bunları fikirləşərkən sanki bir güc gəldi mənə. Dünya musiqisi incilərini fransalı tamaşaçılara çatdırmaqla bir daha xalqımızın böyük mədəniyyətini tərənnüm etdim. Bu ifa zəngin mədəniyyətimiz və şərəfli tariximiz barədə bir çağırış idi”.

“Fransada erməni diasporu güclüdür. Lakin Azərbaycan tərəfi burada böyük işlər görür. Heç uzağa getməyək, Eyfel qülləsinin yanında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin binası düşmənlərə göz dağıdır. Yaxud Kannda mədəniyyətimiz yüksək səviyyədə təbliğ olunur. Bütün bunlar bizim üçün çox vacibdir”, - deyə F.Hacıyeva bildirib. O, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla Heydər Əliyev Fondunun mühüm layihələr həyata keçirdiyini vurğulayıb və buna görə Azərbaycanın birinci xanımına minnətdarlığını ifadə edib.

Paytaxt şəhərlərində keçirilən solo konsertlər

“Solo konsertlərimin dünyanın ən böyük paytaxt şəhərlərində olması artıq ənənəyə çevrilib. Roma, London, Paris... Bütün bunlar mənim arzularımdır və yavaş-yavaş çin olur”, - deyə Fidan Hacıyeva etiraf edir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsində professor Hüseyn Əliyevin sinfində təhsil almış Fidan Hacıyeva bu gün də özünü onun tələbəsi sayır. 19 yaşında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 21 yaşında ən gənc Karmen olan Fidan Hacıyeva 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında beynəlxalq müsabiqənin qalibi olub, daha sonra Bruno Balionidən ustad dərsi alıb. 2011-ci ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Romada “Parco della Musica” zalında çıxışı, Azərbaycan, italyan və fransız bəstəkarlarının əsərlərini məharətlə ifa etməsi müğənninin sənət bioqrafiyasının növbəti uğurlu məqamlarındandır. Əlbəttə, operanın vətənində çıxış etmək Fidan xanımın sənət yollarına qədəm qoyandan bəri ən böyük arzularından biri idi ki, həyata keçmişdi. Həmin il İtalyanın Montejiore Konka şəhərində keçirilən yay festivalı çərçivəsində Fidan Hacıyevanın iştirakı ilə Cakomo Puççininin “Suor Angelica” operası səhnələşdirilib. 2014-cü il martın 7-də London “Kings Place”də “Baharın səsi” (“Sound of spring”) adlı konsertdə ifa etdiyi mahnılarla 7 dildə “səni sevirəm” deyən ifaçı hər çıxışı ilə tamaşaçını təəccübləndirir, zəhmətsevərliyi sayəsində yaradıcılıq imkanlarını parlaq şəkildə təcəssüm etdirir.

Nə pərəstişkarlarını unudur, nə də tələbələrini

Bir ildən artıqdır ki, yaratdığı Musiqi Mərkəzinə daha çox diqqət ayıran Fidan xanım sentyabr ayında pərəstişkarları qarşısına opera səhnəsində çıxacaq. Hazırda C.Verdinin “Trubadur”, “Aida” əsərlərindəki obrazlar, Ü.Hacıbəylinin “Arşın mal alan” operettasındakı Gülçöhrə obrazı üzərində işləyir. Müğənni, eyni zamanda, Heydər Əliyev Sarayında və ya M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solo konsert verməyi planlaşdırır. Lakin bunlar hamısı deyil. Fidan xanım, həmçinin Musiqi Mərkəzində tələbələrindən ikisini dekabr ayında Belarusda keçiriləcək beynəlxalq müsabiqəyə hazırlayır. Dünya praktikasında bu cür mərkəzlərin öz repertuarları, afişaları olur, festivalları, yarışmaları keçirilir. Biz də Fidan Hacıyeva Musiqi Mərkəzinin öz fəaliyyətini müvafiq sahələrdə genişləndirməsini, ifaçımıza isə pərəstişkarlarına yeni-yeni sevinclər bəxş etməsini arzulayırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.