MƏDƏNİYYƏT
Fidan Hacıyeva “Rozina”ya yeni səhnə həyatı bəxş etdi
Bakı, 20 dekabr, Abdulla Suvar, AZƏRTAC
Doğru deyirlər ki, istedad böyük zəhmət hesabına parlayır. Əgər özünü sənət yolunda təsdiq etmək və istedadını göstərmək istəyirsənsə, gərək zəhməti həyat kredosuna çevirəsən. Belə etməsən minlərin, milyonların qəlbinə yol tapıb, sevilənlər cərgəsində yerini tapa bilməzsən. Bu baxımdan dekabrın 20-də əməkdar artist Fidan Hacıyevanın Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində görkəmli İtaliya bəstəkarı Cakomo Rossininin “Sevilya bərbəri” operasında yaratdığı Rozina rolu tamaşaçıların diqqətini cəlb edə bildi.
Operanın Azərbaycan, Ukrayna və Belarus sənətçilərinin birgə səyi nəticəsində təqdimatı əsl bayram ovqatı yaradıb.
Tamaşa ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşən Fidan Hacıyeva deyib: “On ildən sonra yenidən bu operada Rozina rolunu canlandırmağım üzərimə böyük məsuliyyət qoyur. Gərgin zəhmət bahasına hazırladığım bu partiya uzun illər ərzində bir çox görkəmli vokalçılar tərəfindən təqdim olunaraq böyük məhəbbətlə qarşılanıb. Bu səbəbdən də çalışmışam ki, Rozinaya yeni səhnə həyatı bəxş edim”.
Əməkdar artistlər Fidan Hacıyeva (Rozina), Fərid Əliyev (Qraf Almaviva), Əkrəm Poladov (doktor Bartolo), Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun əməkdar artisti Vladimir Qromov (Fiqaro), Ukrayna Milli Operasının solisti, Ukraynanın əməkdar artisti Andrey Qonyukov (Bazilio) partiyalarını italyan dilində gözəl ifa etmələri tamaşaçıların gur və sürəkli alqışları ilə qarşılanıb.
Operada baş qadın obrazı Rozinanın - həyatını başqalarının istədiyi kimi deyil, öz arzusuna uyğun qurmaq uğrunda qətiyyətlə mübarizə aparmaq iqtidarında olan qəhrəmanın partiyasını Fidan Hacıyeva təqdirəlayiq ifa etdi. Yüksək vokal texnikaya malik F.Hacıyeva bu partiyanın öhdəsindən məharətlə gəldi.
Azərbaycan və dünya bəstəkarlarının klassik əsərlərini müxtəlif dillərdə, yüksək peşəkarlıq və ustalıqla ifa edən müğənni izləyicilər tərəfindən dəfələrlə ayaq üstə alqışlandı.
Tamaşanın quruluşçu rejissoru, əməkdar artist Hüseyn Əliyev, quruluşçu rəssamı, xalq rəssamı Tahir Tahirov, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.
Qeyd edək ki, böyük italyan bəstəkarı Cakoma Rossininin 1816-cı ildə fransız dramaturqu Bomarşenin “Sevilya bərbəri” komediyasının motivləri əsasında cəmi 19 günə bəstələdiyi eyniadlı opera səhnəyə qoyulduğu ilk gündən böyük maraq doğurub.