MƏDƏNİYYƏT
Fikrət Qocanın 80 illik yubileyi keçiriləcək
Bakı, 29 avqust, AZƏRTAC
Sentyabrın sonu, oktyabrın əvvəlində xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Fikrət Qocanın 80 illiyi münasibətilə təntənəli yubiley tədbirinin keçirilməsi planlaşdırılır.
AYB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yubiley münasibətilə Fikrət Qocanın səkkizcildliyi çapdan çıxıb. Seçilmiş əsərlər toplusuna şairin sovet dövründə nəşr edilmiş, habelə son illər yazdığı əsərlər daxil edilib.
Nəfis şəkildə tərtib edilən nəşrdə şairin roman və povestləri yer alıb. Xalq şairinin "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" əsərləri də səkkizcildliyə daxil edilib.
Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. 1998-ci ildən AYB-nin katibidir.