MƏDƏNİYYƏT
Filip Kirkorovun Bakı konsertində tamaşaçıları maraqlı şou gözləyir
Bakı, 3 oktyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, məşhur müğənni, rus estradasının kralı adlandırılan Filip Kirkorov “Ya” konsert turu çərçivəsində Bakıda maraqlı proqram ilə çıxış edəcək.
Dekabrın 10-da keçiriləcək konsert proqramı digərlərindən bir çox göstəricilərə görə fərqlənəcək. Ümumilikdə, “Ya” konsert proqramı - eksperimental, parlaq, gözəl və qeyri-adi şoudur. Filip Kirkorov bu proqramı özünün 50 illik yubileyinə həsr edib.
Turun ilk konserti Moskvada Dövlət Kreml Sarayında bu ilin martında olub. İndiyədək “Ya” turu çərçivəsində Rusiyanın bir çox şəhərlərində keçirilən konsertlərin hamısı böyük maraqla və anşlaqla qarşılanıb. Bakı konserti də bu baxımdan istisna olmayacaq.
Filip Kirkorov konsertlərini tamaşaçılar üçün əsl şouya çevirən nadir müğənnilərdəndir. Onun Bakıda keçiriləcək konsertinin rejissorunun məşhur Dyu Soley sirkinin rejissoru Franko Draqonenin olması isə bu konsertin unikal bir proqrama çevriləcəyinə heç bir şübhə qoymur.
F.Kirkorovla məşhur Dyu Soley sirkinin “tanışlığı” 12 il əvvəl Las Veqasa qastrol zamanı başlayıb. O zaman rus estradasının ulduzu sirklə birgə təşkil etdiyi konsertini əsl şouya çevirib. İllər sonra Filip Kirkorov öz fəaliyyətində yeni üfüqlər açmağa qərar verir - o, “Ya” konsertinin quruluşçu rejissoru kimi məsul vəzifəni 12 il əvvəl tanış olduğu və hamını heyrətləndirən rejissor Franko Draqoneyə həvalə edir. Bundan başqa, “Ya” konsert proqramının hazırlanmasında Maykl Cekson, Cenet Cekson, Lara Fabian və digər məşhurlarla işləyən dünya səviyyəli mütəxəssislər cəlb edilib. Dyu Soley sirki indiyədək Birləşmiş Ərəb Əmirliklərindən tutmuş Las Veqasadək, Neapoldan tutmuş Makaoyadək super-texnoloji nailiyyətlərə əsaslanan çıxışları ilə tamaşaçıları heyrətləndirib. Bakıda onun çıxışı əvvəllər planlaşdırılsa da, zəruri infrastrukturun olmaması bunu mümkünsüz edib. Paytaxtımızda “Crystal Hall”un inşası bu arzunun da gercəkləşməsinə imkan yaratdı. “Crystal Hall”un bütün göstəriciləri dünyanı fəth edən sirkin tələblərinə tam cavab verir. Beləliklə, dekabrın 10-da tamaşaçıları gözəl konsert proqramı, təkrarolunmaz və əsrərangiz şou, eləcə də unudulmaz hisslər gözləyir. Biletləri ticketbox.az saytından, Port Baku Mall və Gənclik Mall-dan saat 10-00-dan 22-00-dək almaq mümkündür.