DÜNYA
Filippin Prezidenti ölkədə hərbi vəziyyət elan etmək istəyir
Tokio, 23 mart, AZƏRTAC
Filippin Prezidenti Rodriqe Duterte hərbiçilərin hakimiyyətdə olduğu Tailanda səfərindən sonra ölkədə hərbi vəziyyət elan etmək niyyətində olduğunu bildirib. Kütləvi informasiya vasitələri qarşısında çıxış edən R.Duterte deyib ki, narkotiklərin yayılmasına qarşı mübarizə çərçivəsində o, ölkədə hərbi vəziyyət elan etməyi və yerli hakimiyyət orqanlarına seçkiləri ləğv etməyi düşünür. Filippin Prezidenti deyib: “Əgər mən hərbi vəziyyət tətbiq etsəm, nəinki narkotik cinayətkarlığını, bütün problemləri həll edə bilərəm”.
R.Duterte bəyan edib ki, ölkədə hərbi vəziyyətin tətbiqi hərbi tribunalların təsis edilməsinə və onlar vasitəsilə yaraqlıların qarşısını almağa kömək edə bilər.
Ötən il hakimiyyətə gəldikdən sonra ilk həftələr ərzində R.Duterte ölkədə hərbi vəziyyət elan etmək barədə fikirlərini açıqlasa da, sonradan bunu unutmuşdu.
Martın 23-dəki çıxışı zamanı Filippin Prezidenti cari ilin oktyabrında yerli hakimiyyət orqanlarına seçkiləri təxirə salmağı və həmin vəzifələrə birbaşa təyinatı tətbiq etməyi düşündüyünü də deyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio