DÜNYA


Filippin Qətərə iş üçün gedənlərin ölkəni tərk etməsinə qadağa qoyub

Tokio, 7 iyun, AZƏRTAC 

Filippin hökuməti bildirib ki, regionda vəziyyət aydınlaşmayanadək öz vətəndaşlarını işləmək üçün Qətərə göndərməyəcək.

Qadağa Qətərə işləmək üçün bu yaxınlarda müqavilə bağlayanlara və oradan qayıdanlara şamil ediləcək. Eyni zamanda, hökumətdən bildiriblər ki, hazırda Qətərdə çalışan 140 min filippinlinin həyatı üçün də narahatdırlar. Hökuməti daha çox blokadaya görə yaranacaq ərzaq qıtlığı narahat edir.

Məsələyə aydınlıq gətirən Filippin əmək və məşğulluq departamentinin rəhbəri Silvestr Bello deyib: “Bizə məlumdur ki, Qətər ərzaq məhsulları istehsal etmir. Hər hansı hadisə baş verəcəyi təqdirdə ərzaq qıtlığı yaranacaq, aclıqla əlaqədar yaranan iğtişaşlar isə ilk növbədə bizimkilərə zərbə vuracaq”. Onun sözlərinə görə, Filippin hökuməti işçilərin Qətərə getməsinə icazə verməzdən əvvəl yaranmış vəziyyəti qiymətləndirməlidir. S.Bello əlavə edib ki, bu qərarın qəbulunda məqsəd Filippin vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir.

Əlavə olaraq bildirək ki, Qətər əhalisinin ümumi sayı 2,2 milyona bərabərdir. Bu ölkədə yaşayanların böyük hissəsini müxtəlif sahələrdə çalışan əcnəbilər təşkil edirlər. Filippinlilərlə yanaşı, burada 650 min hindistanlı, 400 min nepallı və 70 min misirli yaşayır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.