DÜNYA
Filippin polisi otelə hücumda şübhəli bilinən şəxsi axtarır
Bakı, 2 iyun, AZƏRTAC
Filippin polisi Manila şəhərində otel kompleksinə hücumla bağlı şübhəli bilinən şəxsi axtarır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bir qədər əvvəl onun intihar etdiyi barədə məlumat yayılmışdı.
Polis nümayəndəsi Tomas Apolinario axtarılan şəxsin Filippin vətəndaşı olduğunu deyib.
Xatırladaq ki, iyunun 1-dən 2-nə keçən gecə tüfənglə silahlanmış cinayətkar “Resorts World Manila” otelindəki kazinonu qarət etməyə cəhd göstərib. Bu zaman onun oyun stollarını yandırması nəticəsində baş verən yanğın və basırıq nəticəsində 35 nəfər - otelin 13 əməkdaşı və 22 kirayənişini həlak olub, 50 nəfərdən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
İŞİD qruplaşması artıq hücumun məsuliyyətini öz üzərinə götürsə də, Filippin hökuməti bu məlumatı təsdiq etməyib.
“Biz bunun terror aktı olduğunu deyə bilmərik. Ola bilsin ki, hücum kazinonu qarət etmək məqsədi ilə həyata keçirilib, İŞİD qruplaşmasının bəyanatı isə yalnız təbliğat məqsədi daşıyır”, - deyə Filippin polisinin başçısı Ronald Dela Rosa qeyd edib.
Analitiklərin fikrincə, kurort kompleksinə hücuma hazırda ölkədə cərəyan edən hadisələrin ümumi kontekstindən baxmaq lazımdır. Ölkənin cənubunda ordu Maravi şəhərini nəzarəti altına alan “Əbu Sayyaf” və “Maute” müsəlman qruplaşmalarına qarşı aktiv hərbi əməliyyatlar aparır. Bununla əlaqədar mayın 23-dən etibarən ölkənin bəzi rayonlarında hərbi vəziyyət rejimi tətbiq olunub. Prezident Rodriqo Duterte isə bir neçə gün öncə xarici səfərlərini ləğv etmək məcburiyyətində qalıb.