QAN YADDAŞI


Filippin və İndoneziya mətbuatı 20 Yanvar faciəsinə həsr olunan məqalələr yayıb

Tokio, 20 yanvar, AZƏRTAC

Filippinin “Manila Standard” qəzeti, İndoneziyanın “TEMPO” xəbər portalı, “Miraj” islam xəbər agentliyi və “Bogor Today” qəzeti 20 Yanvar faciəsi haqqında xəbər və məqalələr yayıb.

Filippinin “Manila Standard” qəzetində dərc olunan “Azərbaycanlılar Qara Yanvarı anır” başlıqlı məqalədə qeyd edilir ki, 27 il əvvəl sovet ordusu Bakıda dinc əhaliyə hücum edib. Azərbaycanın Ombudsmanı Elmira Süleymanovaya istinadən bildirilir ki, bu dəhşətli qırğın insanlığa qarşı törədilmiş cinayətdir və hər il bu tarixdə biz yalnız kədərimizi anmırıq, eyni zamanda, şəhidlərimizi, həmrəyliyimizi və ölkənin bütövlüyü uğrunda vuruşan insanlarımızın qürur və şərəfini uca tuturuq.

Məqalədə faciə haqqında ətraflı məlumat yer alır və vurğulanır ki, bütün bu hücumlara baxmayaraq, azərbaycanlıların iradəsi sınmayıb, əksinə, azadlıqları uğrunda daha da böyük ruh yüksəkliyi ilə mübarizə apararaq 1991-ci ildə müstəqilliklərinə yenidən qovuşublar.

Qeyd edilir ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 20 yanvar tarixinin Milli Matəm Günü elan edilməsi haqqında xüsusi Fərman imzalayır. Bununla da ölkədə hər il bu tarix matəm günü olaraq anılır.

İndoneziyanın “TEMPO” xəbər portalının dərc etdiyi məqalə 20 Yanvar qırğını ilə bağlı bir sıra suallar qoyaraq məsələnin mahiyyətini oxuculara çatdırmağa çalışır. Qeyd edilir ki, sovet ordusunun Bakını təkrar işğalına və dinc sakinlərin qətlinə əmr verərkən Mixail Qorbaçovun ağlından nələr keçdiyini heç kim bilmir. Sovet liderlərinin Bakıdakı qırğına haqq qazandırmaq məqsədi ilə guya ermənilərin təxliyəsinə çalışdıqları barədə verdikləri bəyanatların hamısı böyük yalan idi. Portal haqlı olaraq soruşur: Necə olur ki, dinc və günahsız sakinlərin qırğınına dair əmr vermiş bir şəxs bundan doqquz ay sonra Nobel sülh mükafatına layiq görülür?

Qeyd olunur ki, Moskva Bakıda baş verən gerçək hadisələrə dair bütün xəbərləri beynəlxalq ictimaiyyətdən gizlədirdi və bu məqsədlə radio, televiziya və digər kütləvi-informasiya vasitələrini tam nəzarətə almışdı. Məqalədə o da qeyd edilir ki, M.Qorbaçov 1995-ci il aprelin 27-də İstanbulda səsləndirdiyi bəyanatında törətdiyi cinayəti etiraf edib və 20 Yanvar hadisəsini Azərbaycana qarşı törətdiyi ən böyük səhv adlandırıb.

“Miraj” İslam xəbər agentliyinin dərc etdiyi məqalədə də 20 Yanvar faciəsi haqqında ətraflı məlumat yer alıb. Məqalədə Azərbaycan xalqının müstəqilliyin bərpası uğrunda keçdiyi ağır yoldan söhbət açılıb, həmçinin vətəndaşlarının 20 Yanvar haqqında xatirələrindən sitatlar gətirilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.