DÜNYA
Filippində şəhər meri və onun 9 mühafizəçisi polislə atışmada öldürülüb
Bakı, 28 oktyabr, AZƏRTAC
Filippinin Mundanao adasında narkotik ticarətinə qarşı keçirilən reyd şəhər merinin və onun 9 mühafizəçisinin ölümünə səbəb olub.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, hakimiyyət orqanlarının versiyasına görə, Kotabato əyalətində polislərin şəhər başçısının avtomobil kortejini dayandırmaq cəhdinə məmurun mühafizəçiləri atəşlə cavab veriblər. Baş verən atışmada mer mühafizəçiləri ilə birlikdə öldürülüb. Hadisə yerində 6 ədəd silah və 13 bağlama narkotik maddə aşkarlanıb.
Filippinin bu ilin mayında seçilmiş prezidenti Rodriqo Duarte narkotik dəllallarına qarşı müharibə elan edib. Onun qara siyahısına sabiq və fəaliyyətdə olan məmurların, eləcə də hüquq mühafizə orqanları əməkdaşlarının adları yer alır. Bu siyahıda güllələnmiş merlə yanaşı, daha onlarla ad var.